SəyahətTurizmTəqdimat

Azərbaycanla Tacikistan arasında turizm əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Martın 2-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Tacikistanın Turizmin İnkişafı üzrə Komitəsinin sədri Tojiddin Jurazoda arasında videokonfrans formatında görüş təşkil olunub.

Dövlət Turizm Agentliyindən Frame.az-a bildirilib ki, görüşdə Azərbaycan və Tacikistan arasında turizm əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub. Həmçinin 2019-cu ildə Azərbaycana səfər edən Tacikistan vətəndaşlarının sayının 50 faiz artaraq 3500 nəfərə çatdığını, ancaq bu rəqəmlərin iki ölkə arasında turizm əlaqələrinin potensialını tam əks etdirmədiyini, bu səbəbdən qarşılıqlı tanıtımlar vasitəsilə turizm əlaqələrinin inkişaf etdirilməsinə ehtiyac olduğu vurğulanıb.

Tərəflər turizm sənayesinin bütün dünyada çətin dövrdən keçdiyini, postpandemiya dövründə birgə tədbirlərin keçirilməsinin ikitərəfli münasibətlərin inkişafına müsbət təsir edəcəyini, xüsusilə bu münasibətlərin stimullaşdırmaq üçün infoturların keçirilməsi, təcrübə mübadiləsinin aparılması, turizm şirkətlərinin əlaqələndirilməsinin təmin edilməsini və iki ölkə arasında birbaşa aviauçuşların açılması perspektivləri kimi məqamların vacibliyini qeyd ediblər.

Fuad Nağıyev tacikistanlı həmkarına Azərbaycanda turizmin inkişafına son illərdə dövlət səviyyəsində xüsusi diqqət yetirildiyi, hökumət tərəfindən pandemiyanın sənayeyə təsirlərini minimuma endirmək üçün dəstək paketinin təqdim olunması haqqında məlumat verib.

Agentlik sədri Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbə və azad edilmiş torpaqların turizm potensialı haqqında bəhs edərək bunun Azərbaycan turizmi üçün yeni imkanlar yaratdığını qeyd edib. Fuad Nağıyev Tojiddin Jurazodanı Azərbaycana dəvət edib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!