AZAL Füzuli əsilli vətəndaşlar üçün Qarabağın ilk hava limanında vakant yerlər açır

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Füzuli əsilli vətəndaşlar üçün Füzuli beynəlxalq hava limanında vakant yerlərin açıldığını elan edir.

AZAL-dan Frame.az-a bildirilib ki, Qarabağda ilk hava limanının açılışı ərəfəsində Füzuli əsilli vətəndaşlar Azərbaycanın mülki aviasiyası kimi maraqlı və məsuliyyətli sahədə karyeraya başlamağa dəvət olunurlar.

İxtisas seçimi müsabiqə əsasında aparılacaq. Beləliklə, “Azəraeronaviqasiya” (AZANS) Hava Hərəkəti İdarəsində (HHİ), eləcə də Füzuli beynəlxalq hava limanının aerodrom və aerovağzal xidmətləri üçün işçi heyətin işə qəbuluna başlanıb.

Hava limanının aerodrom və aerovağzal xidmətləri üçün açılan vakant yerlər mühəndis-proqramlaşdırıcılar, avadanlıqların təmiri və istismarı üzrə texniklər, işıqtexniki avadanlıq üzrə mühəndis və elektrik mexanikləri, texnoloji avadanlıqların təmiri və istismarı üzrə mühəndis, radiorabitə üzrə texnik və mühəndislər, komendantlar, qazanxana operatoru, konveyer xətlərinin operatoru, havalandırma və kondisioner sistemlərinin təmiri və onlara xidmət göstərilməsi üzrə çilingər, təmizlik xidmətləri və sairdir.

AZANS-da açılan vakant yerlərə isə Hava Hərəkəti İdarəsi və Brifinq dispetçerləri, mühəndis-sinoptik və mühəndis-meteoroloqlar, HHİ AS, rabitə, radionaviqasiya və radiolokasiya üzrə mühəndis və texniklər daxildir.

Vakant yerdən asılı olaraq ali, orta ixtisas, orta təhsil və ya iş təcrübəsi tələb oluna bilər. İşaxtaran şəxslərdən hüquq təhsili tələb olunmur. Daha ətraflı məlumatı “Azərbaycan Hava Yolları” QSC-yə müraciət edərək əldə edə bilərsiniz. Maraqlanan namizədlərdən CV-lərini “hr@azal.az” elektron ünvanına göndərmələri xahiş olunur.

Qeyd edək ki, AZAL Qarabağda tarixi yaşayış yerlərinə qayıdan əhalini işlə təmin edən ilk təşkilatlardan biridir.

Prezident İlham Əliyevin tapşırığı ilə Füzulidə yeni hava limanı ən qısa zamanda inşa ediləcək. Dövlətimizin başçısı 2021-ci ilin yanvar ayında hava limanının təməlini qoydu, sınaq uçuşlarının həyata keçirilməsi isə bu ilin sentyabr ayının əvvəlində nəzərdə tutulub.

“Xüsusi qürur hissi ilə bildirirəm ki, “Azərbaycan Hava Yolları” işğaldan azad olunmuş Qarabağda yeni iş yerlərini açacaq ilk təşkilatlar sırasındadır. Füzulidə hava limanı ən yaxın günlərdə istismara veriləcək və əminəm ki, uzun müddət işğal altında olan bu regionun sakinləri böyük məmnuniyyətlə müsabiqə seçimində iştirak edəcəklər. Məhz buna görə, onlar üçün bütün bu imkanları yaradırıq. Xüsusilə qeyd edim ki, Füzulidə istənilən növ hava gəmilərini qəbul etməyə imkan verən hava limanının istismara verilməsi regionun sosial-iqtisadi inkişafına güclü təkan verəcək, gələcəkdə isə turizm potensialını artıracaq”, – deyə AZAL-ın prezidenti Cahangir Əsgərov qeyd edib.

Hazırda Füzuli hava limanında tikinti işləri son mərhələsindədir, uçuşların təhlükəsizliyini, sərnişin və yük aviadaşımalarının yüksək həcmlərini təmin etmək üçün nəzərdə tutulmuş ən yeni infrastruktur obyektləri istismara verilir. Tikinti işləri sürətlə davam edir və hava limanının açılışı bu ilin sonunadək planlaşdırılır.

Bundan əlavə dövlətimizin başçısının tapşırığı ilə Qarabağda – Zəngilan və Laçın rayonlarında daha iki beynəlxalq hava limanının tikintisi planlaşdırılır.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: