Çikaqoda Azərbaycan dövlət bayrağı dalğalanır

ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərinin mərkəzində, şəhər meriyasının qarşısında Azərbaycanın Dövlət Bayrağı ilk dəfə olaraq rəsmi şəkildə təntənə ilə qaldırılmışdır. Bu tədbir Dövlət Bayrağı Günü ilə münasibətilə Çikaqo şəhərində Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (Azerbaijani Center of Midwest America – ACMA) təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və ABŞ-dakı Səfirliyinin dəstəyilə keçirilmişdir.

Bu münasibətilə məşhur “The Daley Center”-də keçirilmiş tədbiri ACMA-nın prezidenti Mehriban Məmmədova giriş sözü ilə açaraq, ölkəmizin müstəqillik tarixi haqda ətraflı danışıb, üçrəngli bayrağımızın 100 illik tarixi, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edildiyini deyib. “Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə edib. Bu ilk dəfə 1918-ci ildə müsəlman dünyasında ilk demokratik dövlətin qurulması ilə mümkün oldu. Həmin  dövlət qadınlara seçki hüququnu Birləşmiş Ştatlardan daha əvvəl verdi. Və bu bayraq ilk dəfə həmin dövlətin bayrağı oldu. Bu bayraq 1990-cı ildə Sovet İttifaqının süqutu ərəfəsində ilk dəfə milli Lider Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında muxtar respublikanın bayrağı kimi təsdiq edildi, 1991-ci ildə isə müstəqil Azərbaycan Respublikasının dövlət bayrağı kimi öz təsdiqini tapdı”.

Tədbirdə Çikaqo şəhərinin merinin departament rəhbəri Cordan Miller Çikaqo meri Rahm Emanuelin təbrik məktubunu və Azərbaycan Dövlət Bayraq Günü haqqında bəyannaməni Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyinin müşaviri Vüqar Qurbanova təqdim etdi. Daha sonra çıxışı zamanı, xanım Miller Azərbaycanı və yerli icmamızı Dövlət Bayrağı münasibətilə təbrik etdi, Azərbaycanlıların Çikaqodakı icmasının aktiv fəaliyyətini təqdir etdi və hər zaman dəstək göstərməyə hazırlığını bildirdi.

Bundan sonra tədbirdə ABŞ Senatoru Riçard Dörbin və Nümayəndələr Palatasının üzvü, konqresmen Bobi Raşın Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanın Çikaqoda icması və ACMA cəmiyyətinə təbrikləri təqdim edildi.

Tədbirdə qonaq qismində, Türkiyə Cumhuriyətinin Çikaqodakı Baş Konsulu Umut Açar, Ukrayna Respublikasının Çikaqodakı Konsulu Andrii Danyliuk, Türkiyə Amerika Mədəniyyət Aliansının Çikaqo ofisinin prezidenti Orhan Ilgaz Ulger, Amerika Yəhudi Cəmiyyətindən Natalie Callone, Amerika – Ukrayna Konqress komitəsinin prezidenti İhor Diaczun, Özbək Amerika assosiyasının prezidenti Olim Şaripov, Qırğızıstan Cəmiyyətinin rəhbər nümayəndəsi Esanbek Kaçkeev və Azərbaycan icmasının nümayəndələri iştirak etdi.

Tədbir zamanı Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyinin müşaviri Vüqar Qurbanov çıxış edərək Dövlət Bayrağı Günü münasibətilə söydaşlarımızı təbrik etdi, dövlət bayrağımızın hər bir Azərbaycanlı üçün kimlik və birlik simvolu olduğunu qeyd etdi. Müstəqlliyini qazandıqdan 100 il sonra ölkə rəhbərliyinin siyasəti sayəsində Azərbaycan artıq regionda sabitlik və inkişaf faktoru, regional nəqliyyat və tranzit mərkzəzi, habelə tolerantlıq və multikulturalızm modelidir.

Tədbir zamanı Türkiyə Cumhuriyətinin Çikaqodakı Baş Konsulu Umut Açar çıxışında söylədi ki, Türkiyə və Azərbaycanı “Bir Millət, İki Dövlət” kimi dostluq və qardaşlıq münasibətləri birləşdirir. Daha sonra  çıxışında “Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin qorunması və inkişafı xalqlarımızın mənəvi sifarişidir. 1991-ci il noyabrın 9-da Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə Türkiyə olub. Türkiyə Azərbaycan dostluğu və qardaşlığı əbədidir, sarsılmazdır.”

Tədbir zamanı Çikaqodakı Türk, Ukrayna, Özbəki, Qırğız icmasının rəhbərləri çıxış edərək Azərbaycan xalqını və Çikaqodakı icmamımız təbrik etdi və tədbirin təşkilatçılarına təşəkkürlərini bildirdilər.

Daha sonra ABŞ və Azərbaycanın dövlət himnləri səsləndirildi. Azərbaycanın Himninin sədaları altında Azərbaycanın Dövlət Bayrağı təntənəli şəkildə qaldırıldı. İlk dəfə olaraq, ABŞ-da Çikaqo şəhərində Dövlət Bayrağımızın dalğalanması çox qürürverici və tarixi əlamətdar bir hadisədir.

Sonra Çikaqo şəhərində Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (Azerbaijani Center of Midwest America) İdarə heyətinin sədri Fərid Məmmədov qonaqlara təşəkkür sertifikatları təqdim etdi.

Sonda Azərbaycan cəmiyyətinin nümayəndələri və rəsmi qonaqlar Bayrağımızın önündə xatirə şəkli çəkdirdilər.

Frame.az

 

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: