FashionTəqdimat

“Azerbaijan Fashion Week”in ikinci günündə

Artıq ikinci gündür ki, Muzey Mərkəzində dəb və incəsənət bir araya gəlirlər. Noyabrın 2-də burada “Azerbaijan Fashion Week” – ölkənin rəsmi moda həftəsinin 8-ci mövsümünün ikinci günü keçirilib.

Frame.az xəbər verir ki, Azərbaycan dəb həftəsinin ikinci günü parlaq şoular siyahısında Qazaxıstan uşaq paltarları markası “A.Sain”in nümayişi birinci oldu. Gənc modellər peşəkarlıqda yaşca daha böyük həmkarlarından əsla geri qalmayaraq, müxtəlif dolğun rəngli əlavələrlə süslənmiş, əsasən denim parçasından istifadə edilmiş parlaq kolleksiya nümayiş etdilər.

Növbəti nümayiş iki markanın birgə əməkdaşlığının nəticəsidir – “Elian Couture” və “S.Abdul collection”. Kolleksiya özündə meydan oxuyan cəsarət və bohema dəbdəbəsini birləşdirir. Açıq geyimli modellər podiumda addımlayaraq selfi çəkirdilər və şəxsi ınstagram hesablarından efirə çıxırdılar. Polis forması, xüsusən də, kristallarla və metal zəncirlərlə bəzədilmiş baş geyimləri və paqonlar çox maraqlı şəkillərdə təqdim olunub.

Podiuma növbəti çıxan modellər Azərbaycan markası olan “Le Veine” kolleksiyasını təqdim ediblər. Markanın dizayneri Fidan Zeynallı pastel çalarlarına üstünlük versə də, burada da gümüş parıltısı əksik olmadı. “Le Veine” markasının versiyasında belə geyim həcmli olsa da, yüngül və zərif görsənirdi.

Kiçik fasilədən sonra, “Noora” markasının dizayneri Nura Allahverdiyeva postsənaye apokalipsisi stilində olan kolleksiyasını nümayiş etdi. Qurama tikmə texnikası ilə yerinə yetirilmiş geniş parlaq şalvarlar, kəsilmiş və sanki zombi hücumundan sonra cırılmış sviterlərlə tamamlanmışdı.

Azərbaycan dizayneri Ayşən Həbibovanın kolleksiyası parlaq və yarımşəffaf parçaların fərqliliyi üzərində qurulmuşdu. Tamaşaçıya klassik qara və ağ rəngli və nadir hallarda – pastel çalarlı rənglərdə axşam geyimləri təqdim edilmişdi. Lakin, burada da gümüş elementlərsiz olmadı – bu mövsümün trendlərindən biridir ki, praktiki olaraq, bütün dizaynerlər ona müraciət ediblər.

Nümayişin ikinci gününün son nöqtəsi Qazaxıstanlı dizayner Aya Bapani tərəfindən qoyulub. Həftənin qonaqlarına Orta Asiya atmosferi ilə dolub-daşan, inanılmaz bir kolleksiya nümayiş edilib. Müəllifin bu bölgəyə aid olması orijinal musiqi seçimi ilə, bölgə üçün klassik olan – keçə və ipək parçalardan istifadəsi ilə, həmçinin stilizə edilmiş baş geyimləri və zərgərlik əşyalarının istifadəsi ilə vurğulanırdı. Podiumda modellərin arxasınca havada süzən, yarımşəffaf, sanki çəkisiz olan örtüklər xüsusilə atmosferik görsənirdi.

Növbəti gündə “Azerbaijan Fashion Week”in sonuncu günü çərçivəsində “Alex Chzhen”, “Tamara Lamanukaeva”, “Mak Mari” və “Zherebtsov” kimi markalar öz dəbli yaradıcılığını tamaşaçılara təqdim edəcək.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!