“Bəxt üzüyü 2”nin qəhrəmanları jurnalistlərlə görüşdü

Bu gün paytaxt məkanlarından birində “Bəxt üzüyü 2” filminin mətbuat konfransı keçirilib.

Tədbirdə xalq artistləri Afaq Bəşirqızı, Valeh Kərimov, Rafael Dadaşov, əməkdar artistlər Tahir İmanov, Cabir İmanov, rejissor Ənvər Mansurov, filmin icraçı prodüseri Mirsalam Mirsalamov və T. İmanovla birgə filmin ssenari müəllifi olan Ələkbər Əliyev iştirak edib.

Mətbuat konfransı T. İmanovun media nümayəndələrini salamlaması ilə start götürüb:

“İlk növbədə onu qeyd etmək istəyirəm ki, biz heç vaxt bu tip mətbuat konfransları etməmişik. Çünki bizim bütün tədbirlərimiz bir başa həyata keçirilir.

Bilirəm ki, bu ideyanın necə yaranması hər kəsi maraqlandırır. Bu ideya tək bizdə yox, bir çox prodakşnlarda yaranıb. Çünki 1991-ci ildə “Bəxt üzüyü” yayımlandıqdan sonra tamaşaçıların çoxu ekran işinin ardını görmək istəyridi.

2016-cı ilin payızında “Ölülər” filminin təqdimatı üçün Gəncəyə yollanarkən aktrisa Dilarə Əliyeva da bizimlə birgə idi. Orada “Bəxt üzüyü 2” filmminin çəkilməsindən danışdıq. Həmin vaxt D.Əliyeva “Soy production”nın artıq bu ekran işi ilə məşğul olduğunu bildirdi. Buna görə də biz geri çəkildik.

Lakin 8 ay keçdikdən sonra xalq artistimiz Afaq Bəşirqızının bir sözü məni bu ekran işini çəkməyə vadar etdi. O mənə ancaq bizimlə işləmək istədiyini söylədi. Bu mənim üçün böyük şərəf oldu.

O ki qaldı təqdimat tarixinə, yanvarın 31-i “Flame Towers”də yerləşən “Park Cinema” kinoteatrında baş tutacaq. Filmin xronometrajı 1 saat 47 dəqiqədir. Təbii ki, bu kinoteatrların tələbinə görə belə oldu. Əks halda ekran işi 3 saata yaxın olacaqdı. Amma düşünürəm ki, bu versiya daha yaxşıdır”.

Daha sonra isə xalq artisti Afaq Bəşirqızı jurnalistlərin sualını cavablandırıb:

“Bəxt üzüyü insan xoşbəxtliyinə açardır. Bəzən olur ki, qapının o açara ehtiyacı olmur. İnsanın öz taleyi və alın yazısı var. Əslində “Bəxt üzüyü” rəhmətlik dostum Vaqif Səmədoğlunun tapdığı bir bəhanə idi. Orada bir yerdə çörək kəsən, bir-birinə can deyib, can eşidən insanların 1 saniyə içində dəmir halqaya görə münasibətlərini dəyişən insanlardan söhbət açılır.

İndiyədək məndən soruşurlar ki, Afaq xanım üzüyü axırda kim oğurlayır? Filmin ikinci hissəsində bu sual cavabını tapır.

Ümumiyyətlə, düşünürəm ki, əgər aktyor güldürmək naminə komediyaya çəkilirsə və ya əksinə ağlatmaq üçün drama oynayırsa, deməli o həqiqətən oynayır. Həmin şəxs yaratmır və yaşamır.

Əgər 1991-ci ildə “Bəxt üzüyü”nün aktyor heyəti də elə oynasaydı, indi sözügedən film yaddaşlarda qalmazdı. Bir şeyi də qeyd etmək istərdim ki, “Rasim” kimi insanlar həyatda qalib ola bilərlər. Çünki zəmanə onlarındır. Amma insan kimi cəmiyyətdə sayılmaq onlarlıq deyi”.

Uzun zamandır səhhətində problemlər yaşayan xalq artisti Rafael Dadaşov rolu ilə bağlı kiçik sirri açıqlayıb:

“Bu filmdə rol almağım mənim üçün böyük xoşbəxtçilikdir. Çünki mənim yerimdə başqa bir adam da ola bilərdi. Afaq xanım və Valeh bəy “Bəxt üzüyü”nün dəyişilməz personajlarıdır. Bu rol mənim üçün tapıntı idi. Düzdür, Rasim obrazını elə də böyük rol saymıram, amma görün neçə ildir səs-sədası hələ də gəlir. Rasim personajı təbiətcə çox yumşaq adamdır. Şəxsi biznesi var və heç kimə pislik etmir. Ailə və qızını sevən biridir. Sadəcə bir məqamı deyim ki, birinci hissədə “Mersedes” Rasim idisə, indi “Bentley” Rasimdir”.

Xalq artisti Valeh Kərimov Moşu obrazının həyatına təsirindən söz açıb:

“Bəxt üzüyü” mənim həyatımda çox böyük rol oynayıb. Çünki o filmdən sonra həm tanınmışam, həm də adlar almışam. Ekran işinin birinci kadrı Moşu və Seda obrazlarının məşhur səhnəsi olub. Həmin çəkilişdən çıxandan sonra mənə dedilər ki, oğlun dünyaya gəlib. “Bəxt üzüyü 2” filminin çəkilişi bitdikdən sonra isə nəvəm doğuldu”.

Tahir İmanov xalq artisti Ramiz Əzizbəyli ilə filmə görə yaranan mübahisədən də danışıb:

“Bu gün bir danılmaz fakt var ki, Azərbaycanda korifey aktyorların iştirakı ilə film çəkilmir. Ona görə də mən bu məsələyə ancaq müsbət tərəfdən baxdım. İnanın ki, Ramiz müəllimlə bu məsələni çoxdan həll etmişik. Sadəcə bu qədər şişirtmək lazım deyildi. Bu işdə ən böyük xeyir-duanı yazıçı Vaqif Səmədoğlunun ailəsindən almalıydıq. Çünki o olmasaydı, bəxt üzüyü sözü heç ərsəyə də gəlməzdi. Buna görə də mən Ramiz müəllimə cavab vermək istəmirəm. Birincisi özündən böyüyə cavab vermək bizim mədəniyyətimizə uyğun deyil. İkincisi isə siz özünüz onun vəziyyətindən xəbərdarsınız. Hansısa pozitiv və ya neqativ xəbər ona pis təsir göstərsə, bunu özümə bağışlamaram”.

O, Ayşad Məmmədov (Hüseyn) və Gülşad Baxşıyevanın (Sara) filməd rol almamasını belə açıqlayıb:

“Ümumiyyətlə, Ayşad Məmmədov və Gülşad Baxşıyevanı əvvəlcədən filmdə görmürdük. Bilirsiniz niyə? Çünki düşünürük ki, onların aralarında baş verən faciə öz həllini tapdı”.

“Bəxt üzüyü”nün Sedası Firəngiz Rəhimbəyovanın Bakıya gəlişindən də danışan əməkdar artist bunları deyib:

“Firəngiz xanım 10 gün burada olub. Təəssüflər olsun ki, sizinlə görüşə bilməyib. Vaxt tapıb studiyada “Bu sevda” mahnısını yazdırdıq. Ona Bakını gəzdirdik. O sadəcə bir cümlə işlətdi “Bura mənim Bakım deyil. Mən başqa Bakıdan getmişdim”. Biz ona filmi təklif edəndə bu zəngi 26 ildir gözlədiyini bildirdi”.

Frame.az Primetime

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: