EventsFestivallarMədəniyyətTəqdimatƏn SonƏn Son

Bakı Tanqo Festivalı Qala gecə ilə davam edib

Noyabrın 30-da Nizami Kino Mərkəzində Argentina səfirliyinin təşəbbüsü ilə üçüncü Beynəlxalq Bakı Tanqo Festivalı çərçivəndə Qala gecə keçirilib.

Frame.az xəbər verir ki, gecədə xüsusi qonaq qismində nüfuzlu rəqqaslar, dünya və Avropa çempionları Aqustina Piyacco və Maksim Gerasimov (Argentina/Rusiya), Xulio Saavedra və Tekla Qoqriçyani (Argentina/Gürcüstan), Yakof Şonski və Maryam Rossa (Gürcüstan), Sesilia Akosta və Levan Qomelauri (Argentina/Gürcüstan) performans göstəriblər. Onlar rəqs elementlərinin zərifliyi ilə hər kəsi heyran ediblər.

Argentinanın Azərbaycandakı səfiri Serxio Osvaldo Perez Qunella çıxışında festivalın təşkilatçılarına, xüsusilə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib. Səfir qeyd edib ki, Bakıda dörd tanqo məktəbi var və onların nümayəndələri də gecədə iştirak edirlər. Ustad dərsləri, milonqalar festivala özəllik qatacaq.

“United Cultures” şirkətinin icraçı direktoru Paola Casagrande bildirib ki, festivalın keçirilməsi təşəbbüsü Argentina səfirliyindən gəlib. “İnanıram ki, festival möhtəşəm keçəcək. Biz artıq Bakı Tanqo Festivalı-2020 haqda düşünürük. Belə festivallar tanqonun populyarlaşmasına gətirib çıxaracaq”, – deyə P.Casagrande bildirib.

Qeyd olunub, tanqo XIX əsrdə Argentinaya gələn xalqların mədəniyyətinin sintezindən yaranıb. O, yalnız ehtiraslı rəqs və melanxolik musiqi deyil, müxtəlif insanların bir mövzu ətrafında sevinib kədərlənməsidir.

Qala gecədə, həmçinin tanqo rəqsləri muğamla sintez olunub. Tarda Sahib Paşazadə, gitarada Lautaro Tissera, bandoleonda isə Viktor Hugo Villena ifa ediblər.

Festival dekabrın 1-dək davam edəcək.

Qeyd edək ki, festival Mədəniyyət Nazirliyi, “United Cultures”, “The Landmark”, “Bakı Metropoliteni”, Nizami Kino Mərkəzi, “Nizami Restaurant & Lounge”, ADA Universiteti, Bakı Xoreoqrafiya Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, “NESS Company”, “IN Tango Baku”, “Tango On”, “EI Club de Tango”, “Badi Kubə”, “R&N-project Dance School in Baku” və “Macrobiosis Tango School”un dəstəyi ilə keçirilir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!