Bakıda “Avro-2020”nin dörddəbir final mərhələsinə həsr olunmuş açıq hava tamaşası təşkil edilib

Bakıda “Avro-2020”nin dörddəbir final mərhələsinə həsr olunmuş açıq hava tamaşası təşkil edilib.

Frame.az AFFA-ya istinadla xəbər verir ki, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında təşkil edilmiş teatr paytaxt sakinlərinin böyük marağına səbəb olub. Tamaşanın nümayişi “Avro-2020” həyəcanını fərqli aspektdən göstərib və hər kəsdə unudulmaz təəssürat yaradıb.

Tamaşada danimarkalı yazıçı Hans Xristian Andersenin, xüsusilə azyaşlı oxucular tərəfindən çox sevilən “Düyməcik” və “Qar kraliçası” əsərlərindən hissələr nümayiş olunub.

Personajları səhnədə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının tanınmış aktyorları canlandırıb. Tamaşa zamanı xüsusi led ekranlarda Azərbaycan dilində titrlərdən istifadə edilib.

Tədbirin ən unudulmaz anlarından biri də dahi şair və mütəfəkkir Nizami Gəncəvinin lirik şerlərinin səsləndirilməsi olub. Bu il Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi ilə əlaqədar Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Tədbirin dahi mütəfəkkirin adını daşıyan Muzeyin qarşısında təşkili də bu baxımdan rəmzi məna daşıyıb.

Bundan əlavə, tamaşalararası fasilədə azyaşlı izləyicilərlə interaktiv sual-cavab keçirilib və maraqlı müsabiqə təşkil olunub. Müsabiqədə məhz Azərbaycan ədəbiyyatı ilə bağlı suallar verilib. Sualları doğru cavablayan şəxslərə iyulun 3-də Bakıda keçiriləcək “Avro-2020”nin dörddəbir final oyununa biletlər hədiyyə olunub.

Tamaşa saat 21:00-da da nümayiş etdiriləcək.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: