Idman

Bakıda “Böyük dəbilqə” turnirinin ilk qalibləri müəyyənləşib

Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Böyük dəbilqə” beynəlxalq turnirində ilk yarış gününə yekun vurulub.

Frame.az xəbər verir ki, yarışların birinci günü kişilər 60 və 66 kiloqram, qadınlar 48, 52 və 57 kiloqram çəki dərəcələrində çıxış ediblər.

Yarışda 66 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Nicat Şıxəlizadə finalda Moldova idmançısı Denis Vieruna məğlub olaraq gümüş medalla kifayətlənib. Onunla eyni çəki dərəcəsində mübarizə aparan İbrahim Əliyev isə bürünc medal uğrunda qarşılaşmada uduzub. Digər kişi cüdoçularımızdan Oruc Vəlizadə, Tofiq Məmmədov, Orxan Səfərov (60 kq) ilk görüşdə məğlubiyyətlə üzləşiblər. Əhməd Yusifov (60 kq) və İsmayıl İbrahimov (66 kq) cəmi bir mərhələ adlaya biliblər.

Qadınlar arasında güclərini sınayan təmsilçilərimiz Ramilə Əliyeva, Şəfəq Həmidova, Leyla Əliyeva (48 kq), Gülşən Nəzərova, Şəfəq Məmmədova, Gültac Məmmədəliyeva (52 kq) və Səkinə Zayirova (57 kq) ilk görüşdə məğlub olublar. Aişə Qurbanlı (48 kq), İçinxorloo Munxtsedev və Aleksandra-Larisa Florian (57 kq) isə səkkizdə bir finalda mübarizəni dayandırıblar.

Turnirin ilk gününün qalibləri isə qadınların yarışında İspaniya təmsilçisi Laura Martinez (48 kq), fransalı Amadine Buçxard (52 kq) və Braziliya idmançısı Rafaela Silva (57 kq) olub.

Kişilər arasında isə 60 kiloqram çəki dərəcəsində braziliyalı Felipe Kitadai, 66 kiloqram çəki dərəcəsində isə Moldova idmançısı Denis Vierun qızıl medal qazanıblar.

Qeyd edək ki, “Böyük dəbilqə” turnirinə mayın 12-də yekun vurulacaq.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!