Baku City CircuitFormula 1

Bakıda Formula-2 yarışlarında maraqlı anlar yaşanıb

İyunun 23-də Bakıda Formula-2 yarışlarına start verilib.

Frame.az xəbər verir ki, Formula-2 yarışlarında hər biri iki pilotla təmsil olunan on komanda birincilik uğrunda mübarizə aparır.

Formula-1 Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən yarışda əvvəlcə pilotlar sərbəst yürüşlərdə güclərini sınayıblar. Gərgin idman mübarizəsi şəraitində yürüşdə “Pertamina Arden” komandasının niderlandlı pilotu Nik de Vris bütün rəqiblərini qabaqlayıb. O, 1 dəqiqə 54.187 saniyə göstərici ilə birinci yeri tutub.

Ən yaxşı ikinci nəticəni “MP Motorsport” komandasının britaniyalı pilotu Cordan Kinq (1 dəqiqə 54.308 saniyə), üçüncü nəticəni “Russian Time” komandasının italyan pilotu Luka Gyotto (1 dəqiqə 54.734 saniyə) göstərib.

Daha sonra komandalar sıralama yürüşünə qatılıblar. Bu mərhələsində ilk yerə “PREMA Racing” komandanın pilotu Şarl Lekler çıxıb. O, 1 dəqiqə 52.129 saniyəlik nəticə göstərib. İkinci yerdə “ART Grand Prix” komandasının pilotu Nobuharu Matsuşita (1 dəqiqə 52.697 saniyə), üçüncü yerdə “DAMS” komandasının pilotu Nikolas Latifi (1 dəqiqə 52.865 saniyə) qərarlaşıb.

Yarışda bir sürücü dəyişikliyi olub. Belə ki, Sergey Sirotkin 7 nömrəli bolidin sürücüsü Aleksandr Albonu əvəzləyib. Oliver Rouland üçüncü mərhələdən sonra Şarl Lekler ilə arasında olan xal fərqini 26-dan 3-ə endirib.

Monte Karloda baş tutan üçüncü mərhələdən sonra “PREMA Racing” komandası komandalararası çempionatda birinciliyi əldən verərək dördüncü yerdə qərar tutub. “DAMS” komandası hələlik ən çox podyum sayına sahibdir. Bu komanda 5 dəfə fəxri kürsüyə çıxıb. “Russian Time” 4, “PREMA Racing” 3, “ART Grand Prix” komandası isə 2 dəfə birinci olub.

Formula-2 üzrə ilk 6 yarışın qalibləri Şarl Lekler, Oliver Rouland, Artem Markelov, Nobuharu Matsuşita və Nik Vriesdir. O.Rouland 6 yarış ərzində 4 dəfə podyuma çıxıb. Çempionatın lideri Ş.Lekler və O.Rouland arasında 3 xal fərq var. Komandalararası çempionatda “Russian Time” və “DAMS” komandaları arasında 14 xal fərq mövcuddur.

Qeyd edək ki, iyunun 24-də 29 dövrədən ibarət birinci, ertəsi gün isə 12 dövrədən ibarət ikinci yarış təşkil olunacaq.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!