Bakıda “Georgian Drag–2019” beynəlxalq fotomüsabiqəsinin qalibləri mükafatlandırılıb

Sentyabrın 6-da SOCAR Eko parkında Photo Salon “Georgian Drag–2019” beynəlxalq fotomüsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi olub.

Frame.az xəbər verir ki, fotomüsabiqə Azərbaycan Fotoqraflar Birliyi (AFB) və Gürcüstan Fotoqraflar Assosiasiyası tərəfindən Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) tərəfdaşlığı və “Eko Park: Ekoloji Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin dəstəyi ilə keçirilib.

Tədbiri “Eko Park: Ekoloji Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin direktoru Tahir Şıxəliyev açaraq belə bir mərasimin Eko parkda təşkilindən məmnunluğunu ifadə edib.

AFB-nin bədii işlər üzrə sədr müavini, münsiflər heyətinin üzvü Rauf Umud çıxışında sərginin əhəmiyyətindən danışıb. Bildirib ki, FIAP, GPU, GFA, AFB və Photolife salonunun 4 bölmə üzrə 157 mükafatı uğrunda mübarizəsinə 52 ölkədən 327 fotoqrafın 4733 əsəri daxil olub. Müsabiqədə Azərbaycan fotoqrafları 5 mükafat – 1 qızıl, 1 gümüş, 2 bürünc və mavi lent qazanıblar.

Vurğulayıb ki, AFB-nin üzvləri Şahin Sərkərov qızıl, Fərqanə Qasımlı gümüş, Aydın Mehdiyev və Nadejda Cavad bürünc medala, birliyin fəxri üzvü, Rusiya Fotoqraflar İttifaqının üzvü Svetlana Kamkova diploma layiq görülüb.

Tədbirdə Gürcüstan Fotoqraflar Assosiasiyasının sədri Kaxa Pxakadze və gürcü fotoqraf Nino Mqebrişvili sərgi barədə öz fikirlərini bölüşərək bildiriblər ki, “Georgian Drag–2019”a təqdim olunan əsərlərin çoxluğu fotomüsabiqəyə olan marağı göstərir.

Daha sonra müsabiqənin qalibləri mükafatlandırılıb.

Sonda müsabiqə qalibləri və xarici qonaqlar Eko parkda ağac əkiblər.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: