MədəniyyətQalereyaSərgi

Bakıda gürcü fotoqrafların əl işləri sərgilənib

Mayın 26-da Bakıda “Nur Art House” qalereyasında Gürcüstan Fotoqrafları Assosiasiyasının iştirakı ilə (GFA ) “Gürcüstan foto günləri”nin açılışı olub. Foto günləri Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Fotoqrafları Birliyinin (AFB), Gürcüstan Fotoqraflar Assosiasiyası və “Nur Art House” qalereyasının təşkilatçılığı ilə reallaşıb.

Frame.az xəbər verir ki, tədbir 26 may – Gürcüstan Respublikası və 28 may – Azərbaycan Respublikasının Müstəqilliyi günlərinə həsr olunub.

AFB-nin idarə heyətinin üzvi Rauf Umud foto günlərində Gürcüstan Fotoqraflar Assosiasiyasının 19 üzvünün iştirak etdiyini söyləyib. Bildirib ki, foto günlərinin açılışında bu fotoqrafların əl işləri sərgilənir.

“Nur Art House” qalereyasının rəhbəri Röya Tağıyeva, AFB-nin sədri Mirnaib Həsənoğlu, Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Qalib Qasımov çıxış edərək Gürcüstan Respublikasının Müstəqillik günü münasibətilə tədbirdə iştirak edən gürcü fotoqrafları təbrik ediblər.

Gürcüstan Fotoqraflar Assosiasiyasının sədri Kaxa Pxakadze və gürcü fotoqraf Nino Mqebrişvili sərgi barədə məlumat veriblər.

Bildirilib ki, sərgidə nümayiş olunan fotolar “Azərbaycan gürcü fotoqrafların gözü ilə”, “Gürcüstan foto sənəti” və “FİAP – 2016” mövzularını əks etdirir.

Qeyd olunub ki, mayın 28-dək davam edəcək tədbir günlərində Azərbaycan sənətsevərləri Gürcüstan foto sənəti ilə yaxından tanış olacaqlar. Eyni zamanda, 2016-cı il Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının (FİAP) rəhbərliyi ilə Gürcüstanda keçirilən beynəlxalq fotosalonun qaliblərinin əsərləri nümayiş olunur.

Sonra Mədəniyyət və Turizm Nazirliyi və “Nur Art House” qalereyasına Gürcüstan Fotoqraflar Assosiasiyasının təşəkkür məktubu təqdim edilib.

Həmçinin sərgidə iştirak edən fotoqraflara Azərbaycan Fotoqraflar Birliyi tərəfindən sertifikatlar verilib.

Daha sonra qonaqlar sərgi ilə tanış olublar.

Qeyd edək ki, AFB ilə müştərək layihə əsasında Azərbaycana tura gəlmiş gürcü fotoqrafları Bakı və Ağsuda maraqlı fotolar çəkiblər. Sərgi zamanı gürcü fotoqraflar Azərbaycanla bağlı təəssüratlarını bölüşməklə yanaşı, mayın 27-də Bakı, 28-də isə palçıq vulkanlarına fototura çıxacaqlar.

Tədbir çərçivəsində peşəkar və həvəskar fotoqraflara ustaddan bəhrələnmək imkanı yaradılacaq. Mayın 27-də tanınmış gürcü fotoqrafı Kaxa Pxakadzenin ustad dərsi təşkil ediləcək. Dərsin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!