EventsIqtisadiyyatMobil dünyaTəqdimatƏn SonƏn Son

Bakıda ilk dəfə “World E-Commerce Eurasia 2019” forumu keçirilir

Noyabrın 26-da “World E-Commerce Eurasia 2019” Bakı forumu işə başlayıb.

Frame.az xəbər verir ki, tədbirdə çıxış edən “MyBroker” şirkətinin təsisçisi Rəşad Əliyev “World E-Commerce Eurasia 2019”un Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki “İnnovasiyalar Mərkəzi” MMC-nin INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi, “World E-Commerce Forum” və “MyBroker” gömrük təmsilçiliyi tərəfindən birgə təşkil edildiyini deyib. O bildirib ki, forumun məqsədi Azərbaycanda və regionda e-ticarət infrastrukturunun inkişafı, əlaqələrin genişləndirilməsi, həmçinin bu sahəyə startapların marağının artırılması və e-ticarət üzrə fəaliyyət göstərən startaplara dəstəyin verilməsidir.

“World E-Commerce Forum”un sədri Ömər Nart forumun əhəmiyyətini vurğulayıb, Türkiyədə elektron ticarətin mövcud vəziyyəti barədə danışıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, dünyada elektron ticarətin həcmi 2018-ci ildəki 3,53 trilyon dollarla müqayisədə 2022-ci ildə 6,54 trilyon dollara çatacaq: “Ölkəmizdə elektron ticarətin artım sürəti ildə 2 dəfəyə yaxın olsa da, pərakəndə ticarət dövriyyəsində payı 0,2 faizdir, halbuki ABŞ və Avropa ölkələrində bu göstərici 10-15 faizə çatır. İnternetin hazırkı yayılma səviyyəsində Azərbaycanda pərakəndə satışlarda elektron ticarətin payı dünya trendinə əsasən təqribən 7 faiz ola bilər”.

O deyib ki, Azərbaycanda e-ticarətin lideri olan “Azexport.az” portalı sahibkarlar üçün “ixrac çekap”ı nəzərdə tutur. “Azexport” portalı “amazon.com”, “alibaba.com”, “all.biz”, “Go4worldbusiness.com” kimi bir çox dünyanı əhatə edən və geniş auditoriyaya malik olan portallara inteqrasiya olunub. “Azexport” “Google Market Finder” vasitəsilə hansı ölkələrdən Azərbaycan məhsullarına daha çox axtarış verildiyini görməklə marketinq alətidir. “Azexport.az”ın fəaliyyət göstərdiyi 3 il ərzində Azərbaycan məhsullarının beynəlxalq onlayn platformalarda mövcudluğu 300 dəfə artıb. Portalın tərkib hissəsi kimi fəaliyyət göstərən elektron dövlət-özəl tərəfdaşlıq platforması olan Rəqəmsal Ticarət Qovşağı həm yerli, həm də xarici iş adamlarının rəqəmsal iqtisadiyyata töhfəsini stimullaşdırır.

“Post-industrial dövrdə dünyada xidmətlərlə ticarət geniş vüsət alır. “Azexport.az” portalı yaradıcı və mədəniyyət sənayeləri (musiqi, rəqs və teatr, dizayn, memarlıq və moda sənəti, sənətkarlıq və təsviri sənət, film, video və foto sənəti, ədəbiyyat və nəşriyyat, reklam, TV və radio yayımı, oyunlar və yaradıcı texnologiyalar) məhsullarının ixracına başlayıb. Bunun üçün “Azexport.az” portalı bu sahədə ixtisaslaşan “etsy.com”, “kickstarter.com”, “amazon kindle”, “Apple Music”, “Itunes”, “Google Play” və “Sotheby’s” auksion evi ilə əməkdaşlıq edir”, – deyə V.Qasımlı bildirib.

O əlavə edib ki, Azərbaycanın qeyri-neft ixracında getdikcə informasiya və rabitə texnologiyaları məhsullarının xüsusi çəkisi artır. Belə ki, informasiya və rabitə xidmətləri üzrə ÜDM 2016-2019-cu illərdə 40 faizdən çox inkişaf edib. Bu ilin yanvar-sentyabr aylarında “Azərkosmos” ASC tərəfindən 24 ölkəyə 30,2 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 81 faiz çoxdur.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov deyib ki, bu gün dünyada elektron ticarətin həcmi sürətlə artır. Azərbaycan da dünya iqtisadi sisteminin bir parçası olaraq bu tendensiyalara uyğunlaşmaq istiqamətində mühüm addımlar atmaqdadır. Azərbaycanda e-ticarətin inkişafı prioritet olaraq müəyyən edilib. Prioritet istiqamətlər əsasən elektron ticarətin əhatə dairəsinin genişləndirilməsi və pərakəndə satışlarda elektron ticarətin payının artırılmasını ön plana çəkir.

“Azərbaycanda e-ticarətin əhatə dairəsinin genişləndirilməsi, o cümlədən pərakəndə satışlarda elektron ticarətin payının artırılması, transsərhəd ticarətin inkişafı prioritet müəyyən edilib. Ölkədə nağdsız ödənişlərin həcminin genişləndirilməsi üçün hüquqi zəmin yaranıb. Hesab edirik ki, e-ticarətin inkişafı üçün 3 tərəf – vətəndaş, biznes subyektləri və dövlət strukturları birgə məsuliyyət daşıyırlar. Vətəndaşın əsas məsuliyyəti rəqəmsal biliklərə yiyələnmək, ödənişləri elektron qaydada həyata keçirməkdən ibarətdirsə, sahibkar istehsal və ixrac etdiyi malların onlayn satışını təşkil etməklə əhalinin bu prosesə marağını artıra bilər. Dövlət isə tənzimləmə sahəsində addımlar atmaqla bu sahədə olan ekosistemin effektivliyini artıra, eləcə də elektron ticarəti təşviq edə bilər. Bir sözlə iqtisadi subyektlər arasında nağdsız dövriyyənin artması və əhalidə nağdsız ödəniş vərdişlərinin formalaşması elektron ticarətin böyüməsi üçün əsas amillər rolunda çıxış edir. 2017-ci ildə yaradılmış KOBİA-nın əsas vəzifəsi məhz ölkədə startap, mikro, kiçik və orta biznesin dəstəklənməsidir”, – deyə o qeyd edib.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev isə təmsil etdiyi qurum gördüyü işlər barədə məlumat verib. Deyib ki, AZPROMO 2003-cü ildə İqtisadiyyat Nazirliyi tərəfindən təsis olunub. Fondun əsas fəaliyyət istiqamətləri ixracatçılara dəstək olmaq və ölkəyə investisiyaların cəlb edilməsidir. Son illər ölkədə elektron ticarət sahəsində böyük işlər görülüb. Bu istiqamətdə AZPROMO-nun Almaniyanın İnkişaf Fondu ilə reallaşdırdığı layihələri var.

Y.Abdullayev belə forumların ölkəmizdə keçirilməsinin ictimaiyyətin e-ticarətin inkişafına dair məlumatların genişləndirilməsinə töhfə verəcəyini diqqətə çatdırıb.

Sonra “World E-Commerce Eurasia 2019” Bakı forumu çərçivəsində “MyBroker” şirkəti və Türkiyənin “Worldef” şirkəti arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənədi “MyBroker” şirkətinin təsisçisi Rəşad Əliyev və “World E-Commerce Forum”un sədri Ömər Nart imzalayıblar. Memorandum ölkəmizdə e-ticarətin sürətli inkişafına töhfə verəcək. Sənəd sahibkarların e-ticarətə qoşulmaları və e-ixracın inkişaf etdirilməsi ilə bağlı birgə işlərin görülməsini nəzərdə tutur.

Sonra bu sahənin regiondakı aparıcı mütəxəssisləri, dövlət orqanları və sponsorlar təqdimatlarla çıxış ediblər. Forumda elektron ticarət və əsasən də elektron ixrac mövzusunda yerli istehsalçılara və biznes subyektlərinə dünyadakı son tətbiqlər, trendlər və praktik həllərlə bağlı şirkət rəhbərləri, peşəkar mütəxəssislər və dövlət qurumlarının nümayəndələri tərəfindən məlumat verilib. Qeyd olunub ki, forum yerli sahibkarlarda e-ticarətə və e-ixracata böyük maraq və təşviq yaradacaq.

Forum noyabrın 27-dək davam edəcək.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!