FestivallarMədəniyyətTəqdimatƏn Son

Bakıda İndoneziya mədəniyyəti festivalının açılışı olub

Sentyabrın 9-da Heydər Əliyev Sarayında İndoneziya mədəniyyəti festivalının açılışı olub.

Frame.az xəbər verir ki, əvvəlcə iştirakçılar sarayın foyesində İndoneziyanmı milli mədəniyyətini əks etdirən sərgi ilə tanış olublar.

İndoneziyanın ölkəmizdəki səfiri Hüsnan Bəy Fənani çıxış edərək Azərbaycan ilə İndoneziya arasında mövcud olan mədəni əlaqələrdən danışıblar. Hər iki ölkənin dost və tərəfdaş olduğunu vurğulayan natiq bildirib ki, bu festival ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə təsadüf edir. İkitərəfli siyasi və iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu söyləyən natiq festivalın Azərbaycan xalqına, xüsusilə Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən məcburi köçkünlərə həmrəylik əlaməti olaraq keçirildiyini qeyd edib. Azərbaycanın zəngin mədəniyyət və çoxmillətlilik xüsusiyyətlərə malik olduğunu vurğulayan diplomat bildirib ki, ölkəsində 1340 etnik qrup var: “Hər iki ölkə tolerantlıq və həmrəyliyin inkişafının vacibliyini anlayır. Müxtəliflik bizi zənginləşdirir. Əminəm ki, festival ölkələrimiz arasında əməkdaşlığın möhkəmləndirilməsi naminə güclərini birləşdirilməsində körpü rolunu oynayacaq”.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək bildirib ki, bu festival bizə dost, qardaş olan İndoneziyanın mədəniyyəti ilə bağlı sayca ikinci tədbirdir. Ötən il Beynəlxalq Muğan Mərkəzində paytaxt sakinləri və şəhərimizin qonaqları bu ölkənin çoxçeşidli, rəngarəng mədəniyyəti ilə yaxından tanış olmaq imkanı qazanmışdılar. Hər iki xalqın mənəvi yaxınlığı din birliyi və bundan irəli gələn mənəvi bağlılıq, multikultural dəyərlər sədaqətə, düzgün baxışa söykənir. İndoneziya rəsmləri bütün beynəlxalq tədbirlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində ölkəmizin haqlı mövqeyini dəstəkləyir. “Davamlı, ikitərəfli görüşlərdə mənəvi yaxınlıqdan doğan birliyi əməli birliyə çevirməyə çalışırıq. Mədəniyyətlə bağlı atılan bu addımlar buna ən gözəl, parlaq nümunədir. Əbəs yerə demirlər ki, mədəniyyətin sərhədi yoxdur. Mədəniyyət daşıyıcıları hansı dildə danışmalarından və hansı dinə mənsub olmalarından asılı olmayaraq bəşəriyyətə, insanlığa sevgi aşılayırlar. Onlar əslində sülh, məhəbbət, dostluq, qardaşlıq elçiləridir”, – deyə nazir müavini vurğulayıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov bildirib ki, münaqişə nəticəsində ərazimizin 20 faizi – tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafdakı 7 rayon işğal olunub. Həmin ərazilərdə etnik təmizləmə siyasəti aparılıb və bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Sonra İndoneziyanın məşhur caz musiqiçisi Dhiki Darmavanın çıxışı və professional rəqqasların ifasında bu ölkənin ənənəvi və milli rəqs nömrələri təqdim edilib.

Qeyd edək ki, festival çərçivəsində sentyabrın 10-da Dənizkənarı Milli Parkda “Fun walk” yürüşü olacaq. Tədbir iştirakçıları birlikdə yürüş edərək mahnılar oxuyacaq, rəqs edəcəklər.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!