Bakıda irimiqyaslı idman yarışlarının keçirilməsinin ev sahibi ölkəyə faydaları mövzusu ətrafında müzakirələr aparılıb

Azərbaycanda Formula-1 yarışının təşkilatçısı – “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) və Azərbaycan Avtomobil Federasiyasının birgə təşəbbüsü ilə fevralın 13-də Heydər Əliyev Mərkəzində “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ev sahibi ölkəyə faydaları-2018” mövzusunda beynəlxalq konfrans keçirilib.

Frame.az xəbər verir ki, BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai konfransın əhəmiyyətindən, ölkəmizdə ikinci dəfə təşkil olunan tədbirin Azərbaycanda biznesin inkişafına töhfələrindən danışıb.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov çıxış edərək ölkəmizdə idmanın inkişafı istiqamətində görülən işlər haqqında məlumat verib. Ölkəmizin mötəbər beynəlxalq idman yarışlarını yüksək səviyyədə təşkil etdiyini deyən A.Rəhimov Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrildiyini vurğulayıb.

Nazir qeyd edib ki, Azərbaycanda digər sahələrdə olduğu kimi, iqtisadiyyat da sürətlə inkişaf edir. Bu inkişafın nəticəsidir ki, ölkəmiz irimiqyaslı idman yarışlarına yüksək təşkilatçılığı ilə seçilir. Azərbaycanda birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, Avropa və dünya çempionatları müvəffəqiyyətlə təşkil olunub.

Birinci Avropa Oyunlarının standartlarının Azərbaycanda müəyyənləşdiyini bildirən A.Rəhimov “Bakı-2015”in irsinin ölkəmiz üçün əhəmiyyətini xüsusi vurğulayıb. Diqqətə çatdırıb ki, Milli Gimnastika Arenası, Bakı Atıcılıq Mərkəzi və Su İdmanı Sarayı bu irsin nümunələridir. Həmçinin ilk Avropa Oyunları zamanı yetişdirilmiş yerli mütəxəssislərin fəaliyyətindən təkcə respublikamızda deyil, həmçinin beynəlxalq arenada da istifadə olunur.

Cari ildə ölkəmizdə təşkil olunacaq irimiqyaslı yarışlar barədə məlumat verən A.Rəhimov bu prosesdə son illər respublikamızda geniş vüsət alan könüllülük hərəkatının rolunu xüsusi vurğulayıb.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın turizm potensialından, beynəlxalq yarışların turizm imkanlarının təbliğinə və bu sahənin inkişafına töhfəsindən danışıb. Bildirib ki, ötən il ölkəmizdə turizm sahəsində sürətli inkişaf müşahidə edilib. Dövlətimizin başçısının turizm sahəsinin inkişafı istiqamətində imzaladığı fərman və sərəncamlar müsbət bəhrəsini verir.

Turizmin dünyada iqtisadiyyatın aparıcı sahələrindən olduğunu bildirən Ə.Qarayev deyib: “Hər il dünyada milyardlarla insan müxtəlif ölkələrə səyahət edir. Səyahət edilən ölkələr arasında Azərbaycan da var. Ötən illəri müqayisə etsək, ölkəmizə gələn turistlərin sayında hər il artım müşahidə olunur. Bu artımda Bakıda təşkil olunan Formula-1 yarışının xüsusi payı var”.

Ə.Qarayev bildirib ki, dünya turizminin inkişafı ümumilikdə müxtəlif ölkələrin həyatına böyük faydalar verir. Biz də turizmin inkişafından istifadə etməliyik. Azərbaycan turizm sahəsində böyük irəliləyişə nail olub. Ötən il Azərbaycana gələn turistlərin sayında 20 faiz artım qeydə alınıb və ölkəmizə gələn turistlərin sayı 2,6 milyona çatıb. Azərbaycanda turizmin inkişafında ölkədə keçirilən beynəlxalq tədbirlər də mühüm rol oynayır. Bu yarışlar Azərbaycanın dünyada tanınması üçün əhəmiyyətlidir.

Formula-1 qrupunun baş icraçı direktoru Çeyz Keri Azərbaycan Qran-Prisinin maraqlı olması və yüksək səviyyədə təşkili baxımından digərlərindən fərqləndiyini qeyd edib. Formula-1-in ümumi hədəfləri və gələcək istiqamətləri barədə məlumat verən Ç.Keri görüləcək işlərdən və perspektivlərdən bəhs edib. O vurğulayıb ki, bəzi irimiqyaslı yarışlar iki və dörd ildən bir təşkil olunur. Ancaq Formula-1 yarışları hər il təşkil olunan nadir idman növlərindən biridir. Formula-1-in böyük potensialı var. Biz yarışa həmişə yeni azarkeşlər cəlb etməyə çalışırıq. İdmanın bu növü üzrə tətbiq olunan yeniliklərin gələcəkdə daha faydalı olacağına inanıram. Çalışırıq ki, Formula-1 Qran-priləri təkcə yarış həftəsonundan ibarət olmasın. Biz yarışın keçirildiyi həftənin bayram əhval-ruhiyyəsində təşkilinin tərəfdarıyıq. Sinqapur, Şanxay, Bakı kimi şəhərlərdə təşkil olunan Qran-prilər zamanı azarkeşlər və tamaşaçılar təkcə ölkənin gözəlliyindən zövq almır, həmçinin Formula-1-in ruhunun və fəlsəfəsinin bir hissəsinə çevrilirlər.

“Biz “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti ilə səmərəli əməkdaşlıq edirik və gələcəkdə bu işbirliyini daha da inkişaf etdirmək niyyətindəyik. Dünyada milyonlarla insan Formula-1 yarışlarını televiziya, internet və digər rəqəmsal kanallar vasitəsilə izləyir. Biz Bakı üçün elə bir platforma yaratmalıyıq ki, ölkə bundan böyük fayda götürsün. Ötənilki yarış həyəcanlı idi və çalışırıq ki, budəfəki yarışda həyəcanı daha da artıraq. Çalışacağıq ki, insanlar yarışlardan daha çox zövq alsınlar. Azərbaycan Qran-Prisinə tamaşa edən insanları Bakıya cəlb etmək lazımdır. Bu platforma vasitəsilə milyonlarla insan Bakını görür və Azərbaycana səfər edə bilir. Məqsədimiz odur ki, Bakı haqqında daha ətraflı məlumat verək və insanları Azərbaycan paytaxtına gəlməyə cəlb edək”, – deyə Ç.Keri diqqətə çatdırıb.

“Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Eldar Hacıyev Heydər Əliyev Beynəlxalq Aeroportunun imkanlarından danışıb, beynəlxalq idman yarışlarının ev sahibi ölkəyə faydalarından, irimiqyaslı yarışların müsbət nəticələrindən və biznesin buna hazırlıq vəziyyətindən söz açıb. Vitse-prezident bildirib ki, Azərbaycanda keçirilən beynəlxalq idman yarışlarında milli aviasiyamızın da rolu böyükdür. Uçuş təhlükəsizliyinin təkmilləşdirilməsi və xidmət səviyyəsinin artırılması istiqamətində daim işlər aparılır. Azərbaycanda 7 hava limanı fəaliyyət göstərir, onlardan 6-sı beynəlxalq statusa malikdir. Heydər Əliyev Beynəlxalq Aeroportu vasitəsilə daşınan sərnişinlərin sayında hər il artım qeydə alınır. Ötən il Heydər Əliyev Beynəlxalq Aeroportu 4 milyondan artıq sərnişinə xidmət göstərib ki, bu da 2016-cı illə müqayisədə 20 faiz çoxdur. Beynəlxalq hava limanının potensialının 9 milyon nəfər təşkil etdiyini vurğulayan E.Hacıyev deyib: “Hazırda mövcud imkanlarımızın 50 faizini belə istifadə etmirik. Yəni, yaxın gələcəkdə artım olacağı təqdirdə əlavə sərmayə qoymağa ehtiyac yoxdur. Hazırda əsas məqsədimiz tranzit sərnişindaşıma sistemi yaratmaqdır”.

Sonra konfrans işini sual-cavab sessiyası və panel iclası ilə davam etdirib. İclasda “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov, “PwC” şirkətinin Azərbaycan üzrə idarəedici tərəfdaşı Mövlan Paşayev, “Formula One Management” şirkətinin təşkilatçılar və işgüzar əlaqələr üzrə baş direktoru Kloy Target-Adams, Azərbaycandakı Amerika Ticarət Palatasının icraçı direktoru Natəvan Məmmədova, Rusiya Qran-Prisinin təşkilatçısı Sergey Vorobyev, Rusiyada Formula-1 üzrə ekspert Oksana Kossatçenko və “Eurodesign” şirkətinin kommersiya departamentinin direktoru Leyla Nəsrullayeva Formula-1 yarışlarının ölkələrin iqtisadiyyatlarının inkişafına töhfəsi, yarış zamanı biznes fəaliyyətinin təmin olunması və əldə olunan nailiyyətlər barədə məruzələrlə çıxış ediblər.

MDB məkanında və regionda bu mövzuda ilk dəfə Azərbaycanda keçirilən konfransa dövlət qurumlarının, biznes və xidmət sahələri ilə məşğul olan şirkətlərin təmsilçiləri, Soçi Qran-Prisinin yüksəkvəzifəli nümayəndələri və jurnalistlər qatılıblar.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: