FestivallarIdman

Bakıda keçirilən arena polo üzrə VI Dünya Kuboku yarışına milli komandamız qələbə ilə başlayıb

İyunun 15-də Bakıda arena polo üzrə VI Dünya Kuboku yarışına start verilib.

Frame.az xəbər verir ki, yarış Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə keçirilən Milli Atçılıq Festivalı çərçivəsində təşkil olunub.

Yarışın açılış mərasimində ARAF-ın prezidenti Elçin Quliyev çıxış edərək ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə və Milli Qurtuluş Gününə həsr olunmuş arena polo üzrə VI Dünya Kuboku turnirinin iştirakçılarını salamlayıb, Milli Qurtuluş Günü və Ramazan bayramı münasibətilə onları təbrik edib.

Bildirilib ki, bu gün Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır. Son bir neçə ildə birinci Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, Formula 1 avtomobil yarışına uğurla ev sahibliyi edən ölkəmiz bütün dünya üçün təşkilatçılıq və qonaqpərvərlik nümunəsi göstərib. O deyib: “VI Dünya Kuboku yarışı Azərbaycanın idman sahəsində uğurlarının növbəti ifadəsidir. Ötən illərdə federasiya tərəfindən Bakıda arena polo üzrə dünya kuboku yarışları, xüsusən 2015-ci ildə arena polo üzrə ilk Avropa çempionatının keçirilməsi ölkəmizdə idmanın inkişafına göstərilən diqqətin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin daha bir təzahürü idi. İdman reytinqinə görə qitənin ən güclü yığmalarının iştirakı ilə keçirilmiş arena polo üzrə birinci Avropa çempionatında yığma komandamızın qələbəsi Azərbaycan atçılığının inkişafının real göstəricisidir. Prezident İlham Əliyevin Azərbaycan yığmasının üzvlərini və federasiyanın rəhbərliyini qəbul etməsi, dövlətimizin başçısının bu nəticəni ölkəmizin növbəti idman qələbəsi kimi qiymətləndirməsi məsuliyyətimizi daha da artırıb. Son illərdə federasiya tərəfindən tez-tez beynəlxalq yarışlar keçirilir. Əminik ki, 2018-ci ilin sentyabrında İtaliyada keçiriləcək növbəti Avropa çempionatında iştirak edəcək yığmamız bu turnirdə ölkəmizi layiqincə təmsil edəcək”.

Elçin Quliyev bu ilin mayında Azərbaycan Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin dünyada məşhur olan Qarabağ atlarının iştirakı ilə Böyük Britaniya və Şimali İrlandiyanın kraliçası Ülyahəzrət II Elizabetin doğum günü ərəfəsində onun şərəfinə Londonda təşkil olunmuş “Kral Vindzor At Şousu”nda möhtəşəm çıxışı barədə məlumat verib. Qeyd edib ki, “Odlar Yurdu – Azərbaycan” adlı proqram həmin şounun tamaşaçıları tərəfindən böyük maraqla qarşılanıb. Bu kompozisiyanın nümayişi milli at cinslərinin təbliği və dünyada tanınması baxımından müstəsna əhəmiyyət kəsb edir.

Vurğulanıb ki, beynəlxalq yarışlarda üçrəngli bayrağımızın yüksəlməsi, himnimizin səslənməsi hər bir Azərbaycan vətəndaşı üçün qürurlu haldır. Onlara göstərilən diqqət və qayğıdan ruhlanan idmançılarımız bundan sonra da möhtəşəm qələbələri ilə xalqımızı sevindirəcəklər. “İnanırıq ki, Prezident İlham Əliyevin Ali Baş komandanlığı ilə ən yaxın zamanda hər birimiz Qarabağda zəfər təntənəsini yaşayacaq, dahi rəhbər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan belə turnirlər isə Şuşada, Cıdır düzündə keçiriləcək”, – deyə Elçin Quliyev qeyd edib.

Sonra arena polo üzrə VI Dünya Kuboku turniri açıq elan olunub.

Azərbaycanın dövlət himni səsləndirildikdən sonra turnirə start verilib.

Bildirilib ki, turnirdə Azərbaycan, Almaniya, İrlandiya və Hindistanı təmsil edən dörd klub iştirak edir. Üç gün davam edəcək turnirdə, ümumilikdə, altı oyun oynanılacaq. Azərbaycanı bu mötəbər yarışda milli poloçulardan ibarət “Elite Horse & Polo Club” komandası təmsil edir.

Günün ilk oyununda əvvəlcə “Elite Horse & Polo Club” (Azərbaycan) və “Indian Polo & Riding Club New Delhi” (Hindistan) komandaları qarşılaşıblar. Gərgin idman mübarizəsi şəraitində keçən görüş Azərbaycan təmsilçisinin 7:6,5 hesablı çətin qələbəsi ilə başa çatıb.

Bu gün keçirilən ikinci oyunda “Polo Club Wicklow” (İrlandiya) və “Rhein Polo Club Düsseldorf” (Almaniya) klubları üz-üzə gəliblər. Qarşılaşmada Almaniya komandası rəqibini 8:5 hesabı ilə məğlub edib.

İyunun 16-da günün ilk oyununda “Rhein Polo Club Düsseldorf” və “Indian Polo & Riding Club New Delhi” komandaları yarışacaqlar. İkinci oyun isə “Elite Horse & Polo Club” və “Polo Club Wicklow” arasında olacaq.

Turnirə iyunun 17-də yekun vurulacaq.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!