Bakıda “Odun oğurlanması. Prometeydən neftə qədər” adlı sərgi açılacaq

Mayın 31-də “Kapelhaus” Almaniya-Azərbaycan Mərkəzində “Odun oğurlanması. Prometeydən neftə qədər” adlı sərgi açılacaq.

Mərkəzdən Frame.az-a bildirilib ki, kuratorları Alfons Huq və Əsli Səmədova olan sərgi çərşənbə və bazar günü də daxil olmaqla saat 13:00-19:00-dək ziyarətçilər üçün açıq qalacaq.

Prometey haqqında əfsanənin və xam neftin ilk dəfə sənaye yolu ilə çıxarılmasının mənşəyinin eyni dağlıq ərazidə olması yəqin ki, təsadüfi deyildir. Yunan mifologiyasına görə Prometey odu tanrılardan oğurlayır və onu insanlara gətirir. Cəza olaraq o, Zevs tərəfindən Qafqaz dağlarında bir qayaya zəncirlənir. Azərbaycan “Odlar Yurdu” ölkəsi kimi tanınır və beləliklə onun paytaxtı da odun qoruyucusu, sanki Vesta rahibəsidir.

Bakıda neft qüllələri Zərdüştə həsr olunmuş Atəşgahın və qədim dövrlərdən bəri içindən təbii qaz çıxan Yanardağın yaxınlığında yerləşir. Burada təbiətin məhsuluna sanki həm də böyük estetik potensiala malik olan ruhi bir element aid edilir ki, bu da sərginin sənətkarları üçün ilham mənbəyi olmuşdur.

Odgətirən və ustad olaraq, Prometey (yunanca: qabaqcadan düşünən) insan sivilizasiyasının yaradıcısıdır.

Hələ antik dövrdə Prometeyin taleyi təsirli ədəbi süjet və təsviri incəsənətdə sevilən bir motiv idi. İntibah dövründən bəri çoxsaylı şairlər, yazıçılar, rəssamlar, heykəltəraşlar və bəstəkarlar bu mövzuya müraciət ediblər. Bu mif həm də fəlsəfi düşüncəyə davamlı olaraq təkan vermişdir. Dini tənqidi baxımdan Prometey cəhalətdən və dini istismardan azadlığın təməlini qoymuş cəsur qiyamçı prototipi idi. Müasir dövrümüzdə Prometey elmi-texniki tərəqqinin və insanların təbiət üzərində artan hökmranlığının simvoludur. Bu səbəbdən o, tarixi- fəlsəfi perspektivdən asılı olaraq müxtəlif cür dəyərləndirilir: tərəqqi optimistləri üçün o, bəşər emansipasiyasının təcəssümüdür, bundan fərqli olaraq sivilizasiya tənqidçiləri Prometey impulsunun ziddiyyətli və şübhəli olduğunu düşünür və insanın mümkün qədər qeyri-məhdud hakimiyyət həvəsi və Allahlıq iddiasını problem olaraq görürlər.

Əgər neft bir tərəfdən böyük enerji potensialına əsaslanaraq dünyanın bir çox yerlərində iqtisadi tərəqqi və rifahı mümkün edibsə, digər tərəfdən böyük ekoloji ziyanlara, geosiyasi münaqişələrə və sosial gərginliklərə səbəb olub.

Neft geosiyasətində Bakının xüsusi rolu var. Belə ki, burada XIX əsrdə ilk dəfə irimiqyaslı sənaye neftinin istehsalı baş tutub. XX əsrin əvvəllərində qlobal neft istehsalının demək olar ki, yarısı tezliklə ilk “neft şəhəri”nə çevrilən və hər cür sahibkarları cəlb edən Azərbaycan paytaxtının payına düşürdü.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: