Bakıda polo üzrə Dünya Kuboku yarışları davam edir

İyunun 17-də Bakıda arena polo üzrə VI Dünya Kuboku yarışları davam edib.

Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illik yubileyi münasibətilə, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində keçirilən yarışların sonuncu günündə üçüncü yer uğrunda mübarizəyə start verilib.

Frame.az xəbər verir ki, turnirdən əvvəl Azərbaycan Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin dünyada məşhur Qarabağ atlarının iştirakı ilə möhtəşəm şou nümayiş olunub. Şou tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Bu kompozisiyanın nümayişi milli at cinslərinin təbliği və Azərbaycanın qədim atçılıq mədəniyyətinin turnirin xarici qonaqlarına tanıdılması baxımından müstəsna əhəmiyyət kəsb edir.

Qeyd edək ki, həmin proqram mayda Böyük Britaniya və Şimali İrlandiyanın kraliçası Ülyahəzrət II Elizabetin şərəfinə Londonda təşkil olunmuş “Kral Vindzor At Şousu”nda göstərilib.

Şou proqramın nümayişindən sonra üçüncü yer uğrunda görüşdə İrlandiyanın “Polo Klub Viklov” komandasının poloçuları Hindistanın “Indian Polo and Riding Klub Nyu Delhi” kollektivi ilə qarşılaşıb.

Yarışı beynəlxalq dərəcələri hakimlər idarə ediblər.

Qeyd edək ki, dünya kuboku yarışının finalında Azərbaycanın “Elite Horse and Polo Klub” komandası ilə Almaniyanın “Rhein Polo Klub Düsseldorf” klubu qarşılaşacaq. Beləliklə, dünya kubokunun sahibi Azərbaycan və Almaniya polo komandaları arasında keçiriləcək görüşdən sonra məlum olacaq.

Turnir ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə və Milli Qurtuluş Gününə həsr olunub.

Builki yarışda Azərbaycan, Almaniya, İrlandiya və Hindistanı təmsil edən dörd beynəlxalq polo klubununun komandaları kubok uğrunda mübarizə aparırlar.

Elit idman növlərindən sayılan polo yarışı Milli Atçılıq Festivalı çərçivəsində keçirilir. İyunun 2-dən başlayan və dörd müxtəlif növ üzrə keçirilən Milli Atçılıq Festivalında indiyədək cıdır, çövkən və konkur növləri üzrə yarışlar da təşkil olunub.

Qeyd edək ki, yarışların Bakıda təşkil edilməsi artıq beynəlxalq miqyasda idman ölkəsi kimi tanınan Azərbaycanda atçılıq idmanını inkişaf etdirmək üçün mühüm vasitədir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: