Bakıda rus və ingilisdilli turizm bələdçilərinə təlimlər keçirilib

Azərbaycan Turizm Bürosunun dəstəyi, Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının (ATBA) təşkilatçılığı ilə Bakıda turizm bələdçiləri üçün keçirilən təlimlər başa çatıb.

Dövlət Turizm Agentliyindən Frame.az-a bildirilib ki, turizm bələdçilərinin texniki peşə biliklərinin beynəlxalq standartlar çərçivəsində təkmilləşdirilməsi məqsədi daşıyan təlimlər Ümumdünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyası (WFTGA) ilə birgə həyata keçirilib.

Təlim proqramı rus və ingilisdilli qruplara bölünən 24 iştirakçıya Ümumdünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyasının aparıcı təlimçisi İvana Curuvija və beynəlxalq təlimçi Səkinə Əsgərova tərəfindən tədris edilib.

Təlim çərçivəsində iştirakçılara 28 May, Nizami və Xaqani küçələri üzrə gəzinti turu, Heydər Əliyev prospekti, Üzeyir Hacıbəyli və Yusif Səfərov küçələri üzrə avtobus turu və Azərbaycan Milli Xalça Muzeyində məkan turu formalarında praktik və nəzəri biliklər tədris olunub.

Dekabrın 14-dən start götürən təlimlərdə turizm bələdçilərinə, həmçinin beynəlxalq standartlara əsaslanan peşə etikası, qrup psixologiyası, məhdud fəaliyyət qabiliyyətli turistlərlə iş, peşəkar tur planının tərtibatı kimi istiqamətlər üzrə məlumatlar verilib.

Qeyd edək ki, 2019-cu il ərzində ingilis, alman və rus dillərində olmaqla 60 turizm bələdçisini əhatə edən beş qrupa təlimlər keçirilib.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!