EventsTəqdimat

Bakıda V Beynəlxalq Azərbaycan xalçası simpoziumu keçiriləcək

17-20 oktyabr tarixində Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin birgə iştirakı ilə Bakıda V Beynəlxalq Azərbaycan xalçası simpoziumu keçiriləcək. Tədbir Prezident İlham Əliyevin “V Beynəlxalq Azərbaycan xalçası simpoziumunun Bakı şəhərində keçirilməsi haqqında” 14 noyabr 2016-cı il tarixli sərəncamına uyğun olaraq təşkil olunacaq.

Simpoziuma hazırlıqla əlaqədar 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlıq işlərinə başlanılıb, beynəlxalq təşkilatlarla əlaqələrin inkişafı üçün strateji tərəfdaşların cəlb olunması prosesi həyata keçirilir. Bu məqsədlə 2016-cı ilin noyabr ayında Şərq Xalçaları üzrə Beynəlxalq Konfransın (İCOC) İcraiyyə Şurasının akademik komitəsinin sədri Alberto Boralevi və Böyük Britaniyanın nüfuzlu “Hali” jurnalının baş redaktoru Ben Evans Bakıda səfərdə olublar. Beynəlxalq tədbirlə əlaqədar Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə İCOC və “Hali” jurnalı arasında niyyət protokolu imzalanıb və jurnal tədbirin rəsmi media tərəfdaşı olub. Bu protokolun imzalanmasından sonra dərginin həm çap, həm də sayt variantında Azərbaycanda xalça və xalça məmulatlarının istehsalından bəhs edən məqalələr yerləşdirilir, ölkəmiz haqqında geniş məlumat oxucuların diqqətinə çatdırılır.

Eyni zamanda ölkəmizdə səfərdə olan jurnalın əməkdaşlarına nazirlik tərəfindən regionlarımızla yaxından tanışlıq məqsədilə turlar təşkil edilib və qonaqlar bölgələrimizin maddi-mədəni zənginliyi ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Səfərin nəticələrinə uyğun olaraq simpozium çərçivəsində 8 günlük Bakı-Tbilisi marşrutu üzrə “Hali Carpet Tour” adlı tur-paketin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, simpoziumun beynəlxalq tərəfdaşı kimi İCOC təşkilatı iştirak edir. Bu təşkilat 35 ildən çoxdur ki, Şərq xalçalarının Qərb ölkələrində təbliği və öyrənilməsi ilə məşğuldur. 2014-cü ildən nazirliyin dəvəti ilə İCOC-un nümayəndələri mütəmadi olaraq azərbaycanlı həmkarları ilə görüşürlər keçirir, ustad dərsləri, muzey işinin təşkili sahəsində təcrübə mübadiləsi aparırlar.

Simpoziumun beynəlxalq akademik komitəsinə həmsədr olaraq Alberto Boralevi və ölkəmizdən Azərbaycan Milli İncəsənət Muzeyinin şöbə müdiri Toğrul Əfəndiyev, üzvlər siyahısına isə AMEA-nın və Milli İncəsənət Muzeyinin əməkdaşları cəlb ediliblər.

Beynəlxalq tədbir çərçivəsində sərgilərin, elmi sessiyaların və mədəni proqramların təşkili nəzərdə tutulur. Tədbirlər planına uyğun olaraq Milli İncəsənət Muzeyində 17 oktyabr 2017-ci ildən 15 yanvar 2018-ci il tarixədək “İpək inciləri: qədim Azərbaycan tikmələri” adlı sərgi keçiriləcək. Sərgidə muzeyin daxili eksponatları ilə yanaşı Londonun Viktoriya və Albert Muzeyi, Vaşinqtonun Tekstil Muzeyində qorunan unikal Azərbaycan xalçaçılıq və tikmə nümunələri sərgilənəcək. Sərginin kuratorları Alberto Boralevi və Mədəniyyət və Turizm Nazirliyinin İtaliyada yaşayan eksperti Əsli Səmədova, layihə rəhbəri isə İCOC-un italiyalı nümayəndəsidir.

Simpozium müddətində həmçinin Azərbaycan Xalça Muzeyində “Müasir incəsənət və xalçalar” adlı kollektiv beynəlxalq sərginin keçirilməsi də planlaşdırılır. Konfransa təqdim olunacaq məruzələri tədbirin rəsmi saytında onlayn şəkildə qeydiyyatdan keçirmək mümkündür.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!