IdmanTəqdimat

Balaca gimnast Mina Abbasova “Arad Trophy 2019” beynəlxalq turnirində qızıl medal qazanıb

Rumıniyanın Arad şəhərində bədii gimnastika üzrə “Arad Trophy 2019” beynəlxalq turniri keçirilib. Rumıniya ilə yanaşı, Macarıstan, Moldova, Belarus, Bosniya və Herseqovina, Serbiyadan müxtəlif yaş kateqoriyalarında 290 gimnastın qatıldığı turnirdə Azərbaycanı balaca gimnastımız Mina Abbasova təmsil edib.

Bu mövsüm mötəbər idman tədbirinə yeni proqramla qatılan gimnastımız topla hərəkətlərdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onun Azərbaycanın Xalq artisti, bəstəkar Eldar Mansurovun musiqisinin müşayiəti ilə uğurlu çıxışı milli koloritlə zəngin olduğu üçün münsiflər heyətinin və azarkeşlərin böyük marağına səbəb olub. M.Abbasova bu dəfə yarışa Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer Gülnarə Xəlilovanın məxsusi olaraq bu çıxış üçün hazırladığı və milli ornamentlərlə zəngin idman geyimində qatılıb.

Həmişə olduğu kimi, Azərbaycan bayrağına bürünərək yüksək mükafatı qəbul edən balaca gimnastımız bununla da sayca 36-cı medalını (14 qızıl, 19 gümüş, 3 bürünc) qazanıb.

M.Abbasova qatıldığı bütün beynəlxalq turnirlərdə parlaq qələbələri ilə diqqəti cəlb edib. O, beş yaşından Macarıstanda beynəlxalq dərəcəli hakim Lyubov Bernatun və İnqa Makusun rəhbərlik etdikləri “Rus Rg Sport” klubunun üzvüdür. On yaşlı balaca gimnastımızın ən böyük arzusu ölkəmizi dünya çempionatlarında və Olimpiya Oyunlarında təmsil etmək, üçrəngli bayrağımızı zirvələrə qaldırmaqdır.

Qarşıda onu Sloveniyada və Lüksemburqda keçiriləcək məsuliyyətli yarışlar gözləyir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!