Azərbaycan Basketbol Federasiyasının fəaliyyətindən narazı olan klublar mətbuat konfransı keçirib

Basketbol üzrə Azərbaycan çempionatını boykot edən klubların nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.

Frame.az Report-a istinadən xəbər verir ki, tədirdə çıxış edən NTD-nin prezidenti Bəhram Abdinov ölkə çempionatında iştirak edən bütün klubların Azərbaycan Basketbol Federasiyasının (ABF) fəaliyyətindən narazı olduğunu deyib. O, hazırkı federasiya prezidenti Nadir Nəsibovu tənqid edib: “Nəsibov uzun müddətdir federasiyaya başçılıq edir. Lakin təəssüf ki, neçə ildir ancaq geri gedirik. Əsas milli 7 ildir yarışlarda iştirak etmir. Gənclər komandası cəmi 8 dəfə beynəlxalq turnirə gedib. Bunlardan 2-nin pulunu NTD ödəyib. Çempionat boş tribunalar önündə keçir. Olan sponsorlar gedib, yeniləri gəlmir. Son hədd bütün xırda məsələləri klubların etməsi oldu. Adi kağız belə yoxdur, biz alırıq. Nəsibov sonuncu dəfə ölkə çempionatının oyununda 2005-ci ildə – 14 il öncə olub. Federasiya rəhbərliyində yer alanların basketbolla heç bir əlaqələri yoxdur. Bütün bunları özümüz edirik. Avropa çempionatına gedirik. Malta, Cəbəllütariq sponsorla gəlir, biz isə sanki kolxozdan gedirik. Bizdən pul istəyirlər və ciblərinə qoyurlar. Ümid edirəm ki, federasiya prezidentinin bunlardan xəbəri yoxdur. İdmançıları öz gücümüzə yetişdirib, xarici çempionatlara göndəririk”.

B.Abdinov deyib ki, onun ABF-in prezidenti olmaq istəməsi yönündə iddialar həqiqəti əks etdirmir: “Bəziləri yazır ki, bütün bunlar mənim federasiya prezidenti postuna can atmağımla bağlıdır. Qətiyyən belə deyil. Bunu dövlətə qarşı təxribat, inqilab kimi qələmə verib, siyasi don geyindirirlər. Nəsibov başqa yerlərdə deyir yorulmuşam, getmək istəyirəm. Getsin də! Biz basketbol ailəsiyik. Tələblərimizlə sona qədər gedəcəyik. Gənclər və İdman Nazirliyində ağıllı insanlar oturub. Sabah orada görüşümüz olacaq. Onların düzgün qərar qəbul edəcəyinə inanırıq. Dəyişiklik olmasa, çempionatda iştirak etməyəcəyik. Bu, qəti mövqeyimizdir. Nadir müəllim çox hörmətli, imkanlı adamdır. Amma imkanı özü üçündür. Federasiyada basketbol topunu həndbol topundan ayıra bilməyəcək adamlar oturub. Basketbol bizim üçün bir hobbidir. Burada qazanc yoxdur, özümüz xərcləyirik. Biz federasiyaya müraciət edirik ki, qoyun, yığmaya sponsorluq edək. Ona da şərait yaratmırlar. Çox gülünc durumdur. Elə bil ki, marketə girirsən və “icazə olar çörək alım?” söyləyirsən”.

Klub prezidenti ABF-in prezindenti postuna namizədlərinin olmadığını da diqqətə çatdırıb.

“Alov” klubunun rəhbəri Nicat Mirzəyev ABF-in ölkə çempionatının təşkili üçün lazımı şərait yaratmadığını vurğulayıb: “Sponsora ağız açırsan, deyirlər ki, Azərbaycanda basketbol var? Ölkəmiz Beynəlxalq Basketbol Federasiyasının reytinq siyahısında 39-cu yerdən 69-a düşüb. Federasiya nümayəndəsi gəlib baxmır ki, ölkədə yarışlar olur, ya yox. Üç yarış təşkil etmişəm, heç təltifetmə mərasiminə gələn olmayıb. Problemlər çoxdur. Çıxış yolu federasiya rəhbərliyinin dəyişməsidir. Özümüz yığışıb ölkə çempionatı keçirsək, bundan yaxşı olar. Top yox, səbətlər cırıq… Yarışı federasiya təşkil etməlidir, amma onların işini biz görürük. “Çox sağ ol” da deyən yoxdur. 2018-ci idə öz hesabımıza Gürcüstana getdik. Batumidə həvəskarlar arasında 30 komanda arasında 4-5-ci yeri tutduq. Kutaisidə 2-ci, Rustavidə 5-ci olduq. Amma nə faydası?”

Azərbaycan yığmasının sabiq basketbolçusu Fuad Niftləlyev deyib ki, ölkədə klassik basketbol yox səviyyəsindədir: “2012-ci ildə Avropa çempionatının bir addımlığında idik. Amma dəstək olmadı. Artıq 6-7 ildir klassik basketbol yoxdur. Ancaq 3×3-dən yapışıblar. Harda görünüb ki, əsas komanda olmadan gəncləri yetişdirmək olar? Amma indi gənclər də beynəlxalq yarışlara qatılmırlar. Mənim üçün əsas problem odur ki, milli komanda yoxdur. İndi də çıxış edirəm, amma milli yoxdur. Getdikcə biz batırıq. Uşaqlar arasında yarış keçirib 2 manatdan pul yığırlar. Belə şey görməmişik”.

Millinin digər sabiq üzvü Anar Hacıyevin sözlərinə görə, ABF-in olub-olmadığını hiss etmirlər: “2012-ci ildən heç nə yoxdur. Mən getdim işləməyə – belə olmamalıdır. Ona görə də bütün klublara dəstəyəm”.

ADNSU komandasının baş məşqçisi Əli Məmmədov vəziyyətin acınacaqlı olduğunu dilə gətirib: “Basketbolumuz bundan pis vəziyyətdə ola bilməz. Hər nəsildən olan perspektivli basketbolçuların hərəsi bir yerdə işləyir. Çünki ailələrini dolandırmalıdırlar. Nəyə görə sevdikləri işlə məşğul olmamalıdırlar? Xahişimiz odur ki, Gənclər və İdman Nazirliyi, cənab prezidentimiz bizə dəstək olsun. Çünki bu idman növünün ölkədə gələcəyi var”.

“80-ci illər” klubunun nümayəndəsi Konstantin Volkov bildirib ki, ABF bazara çevrilib: “Sponsorlara müraciət edəndə, oyunçu sifariş edəndə pul istəyirlər. Amma əvəzində heç nə vermirlır. Biz sanki II Dünya Müharibəsindən sonra bərbad günə qalmış arenalarda məşq edib, oynayırdıq. Betonda yarış keçirirlər. Deyirlər ki, xoşunuza gəlmir, iştirak etməyin. Ölkə çempionatının təşkil olundğu zal Azərbaycan Texniki Universitetinə məxsusudur. Orada başqa tədbir olduğu üçün 3-4 tur təxirə salınıb. Federasiya zal üçün icarə pulunu bizdən istəyir. Amma bildiyim qədərilə yarışların təşkili üçün nazirlik pul ayırır. Uzun müddətdir bu idman növündəyəm. Atam və anam Azərbaycan yığmasının kapitanı olublar. ABF rəhbərliyi basketbolu dəfn edib və ancaq öz ciblərini güdürlər”.

Tahir Baxşıyev isə Azərbaycanın U-20 yığmasının baş məşqçi postundan istefa verməsinin səbəbini açıqlayıb: “Yarış, komanda yoxdursa, məşqçi nəyə lazımdır. Öz hesabımıza U-16 ilə yarışa getmək istədik, ona da imkan vermədilər. Bu, boykot yox, ürək ağrısıdır. Bizdə zal yoxdursa, idmançı necə yetişə bilər? Qabağa gedən basketbolçular klubların hesabına olub. Deyirsiniz maddi problemləriniz var. Bəs niyə kömək etmək istəyənlərə qarşı çıxırsınız? Biz kiməsə qarşı getmirik. İstəyimiz ölkədə basketbolun olmasıdır. Etirazımız bunadır. 11 dəfə oyunçu, 5 dəfə məşqçi kimi ölkə çempionu olmuşam. Nə olsun? Bizə dəstək, şərait lazımdır. Çox şey istəmirik. İdman Nazirliyi yığmalar və Təhsil Nazirilyi yarışlara dəstək olur. Bir çoxu Təhsil Nazirliyinin idman məktəblərində işləyir. Biz bu gün özümüz üçün yox, ölkədə basketbolun gələcəyi üçün danışırıq”.

Baxşiyev onu da deyib ki, Klublar Komitəsi yaratmaq fikirləri yoxdur: “Heç nə alınmasa, kənra çəkiləcəyik. Nə istəyirlərsə, etsinlər”.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: