“Bavariya” tarixində 6-cı dəfə Çempionlar Liqasının qalibi olub

Avqustun 23-də UEFA Çempionlar Liqasının 2019-2020-ci illər mövsümünün final görüşü keçirilib.

Turnirin həlledici görüşündə “Bavariya” (Almaniya) və “Paris Sen-Jermen” (Fransa) klubları üz-üzə gəlib.

Portuqaliyanın paytaxtı Lissabondakı “Estadio da Luş” stadionunda keçirilən görüş “Bavariya”nın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmanın birinci hissəsində hər iki komandanın təhlükəli vəziyyəti olsa da, hesab açılmayıb.

Oyunun ikinci hissəsinə daha üstün başlayan Münhen təmsilçisi 59-cu dəqiqədə hesabı açıb. Coşua Kimixin cinah ötürməsindən sonra qapıya dəqiq baş zərbəsi vuran Kirsli Koman komandasına vacib qələbə gətirib.

Qalan dəqiqələrdə hesab dəyişilməyib.

Qeyd edək ki, bu oyun komandaların avrokuboklarda 9-cu dueli olub. “Paris Sen-Jermen” və “Bavariya” indiyədək UEFA Çempionlar Liqasının qrupunda 8 dəfə üz-üzə gəliblər. Bunların 5-də Paris təmsilçisi, 3-də isə münhenlilər qələbə qazanıb. “Paris Sen-Jermen”in 12 qoluna, “Barvariya” 11 topla cavab verib.

Paris təmsilçisi tarixində ilk dəfə qitənin ən nüfuzlu klub turnirinin finalında oynayıb. Paytaxt klubu Fransa çempionatının son 8 mövsümündə 7 dəfə qalib olub.

Bu günə kimi beş dəfə UEFA Çempionlar Liqasının qalibi olmuş “Bavariya” isə son olaraq 2013-cü ildə bu titulu əldə edib. Münhen təmsilçisi 6-cı kubokunu qazanaraq “Liverpul” klubu ilə bu titula görə bərabərləşib.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: