Beynəlxalq Muğam Mərkəzində akademik Teymur Bünyadovun 90 illik yubiley gecəsi keçirilib

Beynəlxalq Muğam Mərkəzində fevralın 22-də görkəmli tarixçi-etnoqraf alim, Əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenli, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Tarixi etnoqrafiya şöbəsinin müdiri, akademik Teymur Bünyadovun 90 illik yubiley gecəsi keçirilib.
Tədbir Beynəlxalq Muğam Mərkəzi və AMEA-nın Folklor İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib.
Tədbiri giriş sözü ilə açan aparıcı, AMEA-nın Folklor İnstitunun direktoru, akademik Muxtar İmanov Teymur Bünyadovun həyat və yaradıcılığı haqqında məlumat verib.O, qeyd edib ki, T.Bünyadov 1928-ci ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olub. Orta məktəbi qızıl medalla bitirdikdən sonra 1946-1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsində təhsil alıb.
1955-ci ildə AMEA-nın Tarix İnstitutunun arxeologiya şöbəsində elmi işçi kimi əmək fəaliyyətinə başlayan alim 1993-cü ildən bu günədək Arxeologiya və Etnoqrafiya İnstitutunun tarixi etnoqrafiya şöbəsinin müdiri vəzifəsində çalışır. O, 856 elmi əsərin, o cümlədən 35 kitab və monoqrafiyanın, 821 elmi məqalənin,“Göz yaşları” romanının, “Xan çinar kölgəsində”, “Anam birdi, vətən tək”, “Başı çalmalı dağlar” adlı üçcildlik bayatı kitabların müəllifidir.
Millət vəkillərinin, elm və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri gecədə son illər arxeologiya və etnoqrafiyamızın dünya elminə verdiyi töhfələrdən, respublika rəhbərliyinin Azərbaycan elminə göstərdiyi diqqət və qayğıdan söhbət açılıb.
Qeyd edilib ki, Teymur Bünyadovun bütün elmi fəaliyyəti Tarix İnstitutu və Arxeologiya və Etnoqrafiya İnstitutu ilə bağlıdır. Akademikin elmi fəaliyyəti dövründə çap olunan məqalələrindən, bir sira çoxcildli əsərlərindən də söhbət açılıb.
Gecədə Xalq şairi Nəriman Həsənzadə, akademik Nizami Cəfərov, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, filologiya elmləri doktoru, professor Şirindil Alışanov, YAP Yasamal təşkilatının sədri Tağı Əhmədov, tarix elmləri doktoru, professor Şahin Fərzəliyev çıxış edərək yubilyarı təbrik etdilər və xoş arzularını bildirdilər.
Daha sonra tədbir bədii hissə ilə davam edib.Əməkdar artistlər Gülüstan Əliyeva, Nuriyyə Hüseynova, ifaçılar Novruz Novruzov, Solmaz Kosayeva, Çilənay Hüseynova, Həlimət Sultan, Hacı Aşur Adıgözəlov musiqi nömrələri ilə yubilyarı təbrik etdilər.
Gecədə ifaçıları Nuriyyə Hüseynovanın bədii rəhbərliyi ilə “Qorqud” adına folklor ansamblı müşayiət edib.
Sonda akademik Teymur Bünyadov çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: