Beynəlxalq Muğam Mərkəzində məşhur qarmonçalan Əhəd Əliyevin 125 illik yubileyi qeyd olunub

Beynəlxalq Muğam Mərkəzində məşhur qarmonçalan Əhəd Əliyevin (Kor Əhəd) 125 illik yubileyi keçirilib. Yubiley mərasimi Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı və “Mədəniyyət” kanalının informasiya dəstəyi ilə reallaşıb.

Mərkəzdən Frame.az-a bildiriblər ki, tədbirin aparıcısı Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, fəlsəfə doktoru Gülhüseyn Kazımlı məşhur qarmonçalanın həyat və yaradıcılığı haqqında məlumat verib.

Qeyd olunub ki, 1893-cü ildə Bakıda doğulan Əhəd Əliyev 3 yaşında görmə qabiliyyətini itirib. Lakin fitri istedadı, əzmi və iradəsi sayəsində müstəqil olaraq qarmon çalmağı öyrənib. 10-12 yaşlarında 14 dilli qarmonda müxtəlif oyun havalarını gözəl ifa etməyi bacaran Əhəd Əliyev 20-25 yaşlarında artıq mahir qarmon ifaçısına çevrilib. 1927-ci ildə Müslüm Maqomayev gənc və istedadlı Əhədi ilk dəfə Azərbaycan Radiosunda çıxış etməyə dəvət edib. Tezliklə Kor Əhədin musiqi qabiliyyəti – qarmonda, sazda, tarda, pianoda və tütəkdə çaldığı musiqi nömrələri Üzeyir Hacıbəylinin də diqqətini cəlb edir və “Arşın mal alan” operettasındakı toy səhnəsində “Tərəkəmə” rəqsini çalmaq üçün Əhəd Əliyev operaya solist kimi qəbul olunur.

Bakıda yaşayan yəhudi əsilli Arxip Karpuşkin Əhəd Əliyevin təklifi ilə qarmonun texniki-akustik göstəricilərini genişləndirərək, texniki rekonstruksiya işi aparıb və nəticədə Azərbaycan oyun havalarını, muğamları və xalq mahnılarını daha dolğun, incəlikləri və xırdalıqları ilə ifa etmək mümkün olub. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə iştirak edən nümayəndə heyətinin tərkibinə Əhəd Əliyev də daxil edilmişdi. Görkəmli qarmonçalan 1942-ci ildə 49 yaşında Bakıda vəfat edib.

Gecədə bəstəkar, Xalq Artisti Tofiq Bakıxanov Əhəd Əliyev haqqında xatirələrini bölüşüb, UNESCO-nun qeyri-maddi irs üzrə nümayəndəsi, sənətşünaslıq doktoru Sənubər Bağırova Əhəd Əliyevin çalğı sənətinin xarakterik xüsusiyyətləri haqqında danışıb.

Sənətşünaslıq doktoru, Əməkdar Artist Zakir Mirzəyev və Əhsən Rəhmanlı Əhəd Əliyev yaradıcılığını elmi cəhətdən təhlil ediblər.

Musiqi nömrələri ilə davam edən tədbirdə gözdən əlillər üçün 38 saylı musiqi məktəbinin 11-ci sinif şagirdi Məhəmməd Abışovun ifası tamaşaçıların xüsusi rəğbətini qazanıb.

İfaçıları Azərbaycan Televiziya və Radiosunun Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri ansamblı müşayiət edib. Ansamblın bədii rəhbəri Xalq Artisti Möhlət Müslümovdur.

Tədbirin sonunda Əhəd Əliyevin nəticəsi Sevinc Aleksandriya Sultan-zadə fon Brüseldorff Azərbaycan mədəniyyətinə göstərdiyi diqqət və qayğıya, dünyada yeganə olan Beynəlxalq Muğam Mərkəzinin yaradılmasına görə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürünü bildirib. “Birinci vitse-prezident Mehriban xanım Əliyevanın milli mədəniyyətin təbliğ edilməsi və inkişafı, həmçinin Azərbaycan incəsənətinin çiçəklənməsi naminə göstərdiyi fəaliyyət nümunədir”, – deyə o, vurğulayıb.

Sevinc Aleksandriya Sultan-zadə fon Brüseldorff tədbirin təşkilatçılığına görə Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq Artisti Murad Hüseynova və mərkəzin kollektivinə təşəkkürünü bildirib, informasiya dəstəyinə görə “Mədəniyyət” kanalının direktoru, Əməkdar Artist Ramil Qasımova minnətdarlığını çatdırıb.

Daha sonra Sevinc Aleksandriya Sultan-zadə fon Brüseldorff Tofiq Bakıxanovun Süleyman Rüstəmin sözlərinə bəstələdiyi “Yaşa könül” mahnısını ifa edib.

Gecə qarmonçalanların ifasında Əhməd Bakıxanovun “Bayatı-Qacar” rəngi ilə başa çatıb.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: