Beynəlxalq Muğam Mərkəzində möhtəşəm “Yeni nəsil” layihəsi davam edir

 Fevralın 28-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin  IV kurs tələbələri  tərəfindən (“Sabah” qrupu)hazırlanmış Mirzə Fətəli Axundovun “Hekayəti müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur”  tamaşası göstərilib.
 Tamaşa Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Yeni nəsil dəvət edir” birgə layihəsi çərçivəsində reallaşıb.
     Böyük mütəfəkkir Mirzə Fətəli Axundov Azərbaycan ədəbi-mədəni fikir tarixində görkəmli dramaturq, incə ruhlu şair, dərin zəkalı filosof və realist nəsrin banisi kimi tanınmışdır. O,öz  xalqının tərəqqisi uğrunda çalışmış, bütün ömrü boyu milli-mənəvi dəyərlərimizin keşiyində dayanmışdır. M.F.Axundovun Azərbaycan ədəbiyyatına gətirdiyi ən böyük yeniliklərdən biri milli dramaturgiyanın əsasını qoymasıdır. Ədib 1850-1855- ci illər arasında bir- birindən maraqlı altı komediya yazmışdır. Onun geniş şöhrət qazanmış əsərlərindən biri də “Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur” (1850) komediyasıdır.
     “Hekayəti-müsyö Jordan həkimi-nəbatat  və dərviş Məstəli şah cadükuni  məşhur” komediyası həm məzmununa, həm də sənətkarlıq xüsusiyyətlərinə görə öz əhəmiyyətini bu gün də qoruyub  saxlayır.
     Bu tamaşanın səhnəyə qoyulmasında məqsəd  gənc nəslə müasir dövrə uyğun şəkildə,yeni formatda M.F. Axundovun  yaradıcılığını çatdırmaqdır.
    “Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah  cadükuni məşhur” tamaşasında Hətəmxan ağanı-Ruslan İsmayılov, Şəhribanunu-Xədicə Məmmədova, Gülçöhrəni – Anaxanım Sultanova, Şahbaz bəyi – Corc Qafarov, Xanpərini- Susanə Məmmədova, Müsyo Jordanı-Məhəmməd Musayev,dərviş Məstəli şahı- Hilal Dəmirov, Qulaməlini- Hüseynağa Aslanov, Şərəfnisəni isə – Qönçə Vəliyeva (ADPU-nun tələbəsi) oynayıblar.
     Tamaşanın quruluşçu rejissoru, kurs rəhbəri,Əməkdar artist Nofəl Vəliyevdir.
     Komediyadakı obrazları canlandıran tələbə-aktyorların ifası, aydın səhnə danışığı, geyimləri,əsərin məzmununa uyğun qurulan dekorasiyalar  tamaşaçılar tərəfindən maraqla və alqışla qarşılandı.
Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: