EventsMusiqiMədəniyyətTəqdimat

Beynəlxalq Muğam Mərkəzində xanəndə Təhmiraz Şirinovun yubiley gecəsi keçirilib

Noyabrın 13-də Beynəlxalq Muğam Mərkəzində Əməkdar artist, xanəndə Təhmiraz Şirinovun anadan olmasının 70 illiyi və yaradıcılığının 50 illiyi qeyd olundu.
Tədbir Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində həyata keçirilmişdi.
Yubiley gecəsində tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak etdilər.
Gecənin əvvəlində Təhmiraz Şirinovun  ifasında mahnılardan ibarət videoçarx nümayiş olundu.
Sonra tədbirin aparıcısı, pedaqoji elmlər doktoru Vidadi Xəlilov yubilyarın həyat  yolundan, Azərbaycan xanəndəlik məktəbinə verdiyi töhfələrdən danışdı.
Tədbirdə Xalq artistləri Canəli Əkbərov, Ramiz Quliyev, Möhlət Müslümov,  S.Hacıbəyov adına Sumqayıt Musiqi Kollecinin direktoru Ramis Quliyev çıxış edərək Təhmiraz Şirinovun  sənət yolu haqqında söylədilər.
Gecənin musiqi hissəsi  Xalq artisti Adil Bağırovun rəhbərliyi altında  Ə.Dadaşov  adına “Xatirə” xalq çalğı alətləri ansamblının müşayiətilə, Xalq artistləri Nəzakət Teymurova, Zümrüd Məmmədova, Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Əməkdar artistlər Gülüstan Əliyeva, Ehtiram Hüseynov və Zakir Əliyevin ifasında keçdi.
Bütün çıxışlar gür alqışlarla qarşılandı.
Sonda sənətkarın qızı Səadət Təhmirazqızı Beynəlxalq Muğam Mərkəzinə və tədbirin təşkilində iştirak edənlərə dərin minnətdarlığını bildirdi.
Xatırladırıq ki, Beynəlxalq Muğam Mərkəzində muğamın, milli və etnik musiqinin təbliği və inkişafı  istiqamətində tədbirlər və möhtəşəm yaradıcılıq layihələri davam edir.
Noyabrın 15-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzinin yeni “Qəzəllər” layihəsi çərçivəsində keçirilən tədbirdə  dahi Məhəmməd Fizulinin qəzəlləri səslənəcək. Konsertdə xanəndələr-Almaxanım Əhmədli, Hüseyn Məlikov və Məmməd Nəcəfovun ifasında muğamlardan parçalar və təsniflər ifa ediləcək.

Giriş sərbəstdir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!