Beynəlxalq Muğam Mərkəzinin “Unudulmayanlar” adlı yeni möhtəşəm layihənin ilk tədbiri keçirilib

Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı və “Mədəniyyət” kanalının dəstəyi ilə keçirilən   “Unudulmayanlar” adlı möhtəşəm layihənin məqsədi Azərbaycan milli musiqisinin yaradılması tarixində əvəzolunmaz rol oynamış görkəmli bəstəkarların, klassik musiqi və muğam ifaçılarının həyat və yaradıcılıqlarına dair tədbirlərin təşkil olunmasıdır.

   İlk tədbir martın 5-də  dahi bəstəkar, məşhur alim-pedaqoq , ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı, akademik Qara Qarayevin 100 illik yubileyinə həsr olunub.

   Qeyd edək ki, Qara Qarayevin anadan olmasının 100 illiyi  haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 oktyabr 2017-ci il tarixli sərəncamına uyğun olaraq ölkəmizdə və onun hüdudlarından kənarda yubiley tədbirləri keçirilir.

   Qara Qarayev 1918-ci il fevralın 5-də Bakı şəhərində məşhur həkim-pediatr Əbülfəz Qarayevin  ailəsində anadan olmuşdur. Qara Qarayev nəslində özünü musiqi sənətinə həsr eləmiş ilk şəxsdir. 1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbinə qəbul edilmiş, 1930–cu ildən Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi texnikumunda professor Georgi Şaroyevin fortepiano sinfinin tələbəsi, 1935–ci ildən isə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq (Leopold Rudolf) və Azərbaycan xalq musiqisinin əsasları (Üzeyir Hacıbəyov) siniflərinin tələbəsi olmuşdur. 1938–ci ildən 1940-cı ilədək P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında bəstəkarlıqdan (A.N.Aleksandrovun sinfi) təhsil almışdır. Bakıya qayıtdıqdan  bir müddət sonra 1946-cı ildən   Moskva Dövlət Konservatoriyasında bəstəkarlıq sinfinin (Dmitri Şostakoviç) tələbəsi olmuşdur.

   Tədbir Azərbaycan Televiziyasının Qara Qarayev haqqında çəkdiyi filmdən bir hissənin nümayişi ilə başladı. Böyük maraqla keçən gecədə Əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Zenfira Qafarova və Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyeva  çıxış edərək, “Unudulmayanlar” layihəsi haqqında ,həmçinin  Qara Qarayevin  Azərbaycan və dünya  musiqi tarixində unudulmaz bəstəkar kimi əvəzolunmaz yaradıcılığından söhbət açıblar .  

   Konsertdə  Azərbaycan Dövlət Fortepiano Triosu , Əməkdar artistlər Nərgiz Kərimova və Aleksey Miltıx, məşhur ifaçılar Səidə Tağızadə, Ceyla Səyidova və Eldəniz Ələkbərzadə tərəfindən Q.Qarayevin  əsərləri səslənib.

 Unudulmayanlar layihəsinin növbəti tədbiri  aprelin 6-da  opera müğənnisi, xanəndə, Xalq artisti Həqiqət Rzayevanın həyat və yaradıcılığına həsr ediləcəkdir.

Layihənin informasiya dəstəyini Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalı, Azərbaycan Radiosu, Azərtac və “Baku” jurnalı, həmçinin Trend.az, Day.Аz, Milli.Аz. saytları həyata keçirir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: