Beynəlxalq Muzeylər Şurasının prezidenti Suay Aksoy: “Nəinki Bakıda, bütün ölkənizdə mədəni səfərbərlik var və buna heyran oldum”

Beynəlxalq Muzeylər Şurasının (ICOM) prezidenti Suay Aksoy Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikovaya məktub ünvanlayıb. Ö, öz məktubunda oktyabrın 10-12-də Azərbaycan Xalça Muzeyində keçirilmiş Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq komitəsinin – Dekorativ sənət, dizayn muzeyləri və kolleksiyaları (ICDAD), Tarixi ev muzeyləri üzrə beynəlxalq komitələrinin (DEMHIST) “Dekorativ sənət və interyer” adlı konfransı haqqında xoş sözlərini ifadə edib.

Xalça Muzeyi tərəfindən ölkəmizə dəvətinə və buradakı qonaqpərvərliyə görə muzeyin direktoruna öz təşəkkürünü bildirən Suay Aksoy, həmçinin Azərbaycan muzeyləri və irsi haqqında dərin anlayışa sahib olmağına imkan yaratdığı üçün Şirin Məlikovaya təşəkkür edib.

“Mədəniyyət naziri, Heydər Əliyev Fondu, “İçərişəhər” Dövlət Tarix-Memarlıq qoruğunun rəsmiləri və Bakını qlobal mədəniyyət mərkəzinə çevirməkdə əməyi olan insanlar ilə məhsuldar söhbətlərimin nəticəsində belə qənaətə gəldim ki, nəinki Bakıda, bütün ölkənizdə mövcud mədəni səfərbərlik var və buna heyran oldum” – deyə o, öz məktubunda vurğulayıb.

Ölkəmizdə müvafiq qurumların qabaqcıl texnologiyaları və təşkilati imkanları ilə təchiz olunmuş yeni konfrans zalları və incəsənət mərkəzlərinin yaddaşında olduqca müsbət bir iz qoyduğunu diqqətə çatdıran İCOM-un prezidenti bunu ICOM İcra Şurasına təqdim edəcəyi hesabatda da qeyd edəcəyini bildirib. “Bunlar Bakını əsas tədbirlər üçün potensial məkan kimi qiymətləndirməyə əsas verir. Muzeyinizdə və doğma Bakıda keçirilən “DEMHIST-ICDAD-2018” konfransının gözəl təşkili üçün təşəkkür edirəm” – deyə Suay Aksoy qeyd edib.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: