Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığıyla Parisdə Türk dünyası ilə bağlı silsilə tədbirlər keçirilib

Parisdə Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində “Türk dünyası: maarifçilik və identiklik” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfrans Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı, Azərbaycan, Türkiyə və Qazaxıstanın Fransadakı  səfirliklərinin, YUNESKO yanında daimi nümayəndəliyimizin, AMEA-nın Fəlsəfə institutunun və Fransanın Nis Sofia Antipolis Universitetinin dəstəyi ilə keçirilib.

Konfransda çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti G. Əfəndiyeva mövzunun əhəmiyyətinə toxunaraq, türkdilli dövlətlərin mədəniyyət və irsi dünya sivilizasiyasının ayrılmaz parçası olduğunu bildirib. Qeyd edib ki, Türkdilli dövlətlər xalq yaradıcılığına və yazılı ədəbiyyata bir çox yeniliklər gətirib, beynəlxalq aləmdə bəşəri uğurlar əldə edib.  “Kitabi Dədə Qorqud”, “Koroğlu”, “Manas” kimi tarixi irs nümunələri bütün Türk dünyasının sərvətidir, türkdilli dövlətlərin milli abidələridir.

Bildirib ki, ümumtürk mədəniyyəti dünya mədəniyyətinə böyük töhfələr verib, türkdilli xalqların dahi şəxsiyyətləri – mütəfəkkirləri, yazar-şairləri, alimləri bəşəri nailiyyətlər qazanıb. Türk dünyasında qadının şərəfli yerindən, diplomatiyada onların rolundan söz açıb və rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında geniş məlumat verib.

Ölkəmizin YUNESKO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov Azərbaycan Xalq Cümhuriyyəti, onun tarixi, həyata keçirdiyi islahatlardan və dövlət rəmzlərinin qəbul edilməsindən danışıb. 1991-ci ildə müstəqilliyini bərpa edən ölkəmizin üzləşdiyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunub. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkədə vəziyyətin stabilləşməsini, iqtisadiyyatın dirçəlməsini vurğulayıb.

Prezident İlham Əliyevin siyasəti sayəsində ölkəmizin Qərblə əlaqələrinin və əməkdaşlığının genişləndiyi diqqətə çatdırılıb. Səfir Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan-YUNESKO münasibətlərinin inkişafına, eləcə də mədəniyyətimizin təşviqinə töhfələrindən bəhs edib.

Qazaxıstanın Fransadakı səfiri Jan Qalıyev türk dilli ölkələr arasında siyasi, iqtisadi və mədəniyyət əlaqələrindən, ölkəsində bu istiqamətdə  görülən işlərdən danışıb. Prezident Nursultan Nazarbayevin təşəbbüsü ilə həyata keçirilən “Bolaşak” təqaüd, latın əlifbasına keçidlə bağlı “İctimai şüurun müasirləşdirilməsi” proqramlarından danışıb.

Türkiyənin Fransadakı səfiri İsmayıl Hakkı Musa ölkəsinin türk dilli ölkələrlə münasibətlərə böyük əhəmiyyət verməsindən və bu ölkələrdə qədim türk abidələrinin bərpasına töhfələrindən söz açıb. Səfir Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini yüksək qiymətləndirərək, bu tədbirlərin türk dünyasının beynəlxalq səviyyədə təşviqində mühüm rol oynadığını bildirib.

Konfransın ikinci hissəsində Fransanın Nis Sofia Antipolis Universitetinin siyasi elmlər və hüquq fakültəsinin dekanı Kristian Vallar, fakültənin dekan müavini Ksavye Latur, AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə və beynəlxalq əlaqələr şöbəsinin müdiri Zöhrə Əliyeva çıxış edərək XIX-XX əsrlərdə Azərbaycan maarifində kimlik məsələsi, hüquq və Vətən xidmətində vətəndaş təhsili, Azərbaycandakı maarifçilik ideyaları, milli təhsil və inteqrasiya, eləcə də türk dilli ölkələr arasında əməkdaşlıq kimi mövzular ətrafında məlumat veriblər.

Konfransdan sonra Azərbaycan İncəsənət Akademiyasnın professoru, rəssam Cəmilə Həşimovanın əsərlərindən ibarət “Türk dünyasının cənnət bağları” adlı sərginin açılış mərasimi olub. Sərgidə türkdilli ölkələrin nümayəndələri Azərbaycandan Səddam Novruzbəyov (balaban, tütək), Qazaxıstandan Aygerim Yersainova (kobız) və Türkiyədən Sərxan Uyar (saz, kaval) milli musiqi alətlərində xalq musiqilərini səsləndiriblər. Tədbir iştirakçıları milli şirniyyatlara qonaq ediliblər.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: