Beynəxalq Muğam Mərkəzində xalq artisti, tarzən Əliağa Quliyevin 100 illik yubileyi qeyd olunacaq

Beynəxalq Muğam Mərkəzində xalq artisti, tarzən Əliağa Quliyevin 100 illik yubileyi qeyd olunacaq. Konsertdə onun həyat və yaradıcılığından söhbət açılacaq. Tarzənin tələbələri, onunla birgə çalışan ifaçılar və tanınmış xanəndələrin ifasında muğam və təsniflər səslənəcək.

Gecə 26 may saat 19:00-da baş tutacaq.

Biletləri şəhərimizin kassalarından və iticket.az saytından əldə etmək olar. 

Əliağa Eyvaz oğlu Quliyev 1917-ci il may ayının 9-da Bakı şəhərində anadan olmuşdur.

1936-cı ildə opera teatrında və radionun orkestrində daimi işləməyə başladı.

1937-ci ildə “Koroğlu” operasının böyük uğurla keçən ilk premyerasında simfonik orkestrin tərkibində Əliağa Quliyev tar çalırdı.

1939-cu ildə Əliağa Quliyev Azərbaycan Dövlət Konservatoriyasının xor-dirijorluq fakültəsinə qəbul olunur. Lakin ali təhsilini heç yarıya çatdırmamış İkinci Dünya müharibəsi başlanır.Əliağa Quliyevin cəbhə həyatı müharibənin əvvəlindən – 1941-ci ildən başlamışdı. 1944-cü il sentyabrın 2-də Əliağa Quliyev ağır qəlpə yarası alır. Bu, Varşava uğrunda gedən ağır döyüşlərin birində baş verir. Əliağa Quliyev müharibədə göstərdiyi hünərə görə iki dəfə “İgidliyə görə” medalı almışdı. “Qırmızı Ulduz” ordeninə, “Böyük Vətən müharibəsi” ordeninin iki dərəcəsinə (I və II dərəcələri) layiq görülmüşdü.

1946-cı ildə həyat və sənət yolları Əliağa Quliyevi böyük sənətkar Əhməd Bakıxanovla rastlaşdırır. O, Əhməd Bakıxanovun rəhbərlik etdiyi ansamblda beş ildən artıq çalışır. Burada konsertmeyster olur. Ansambl Əliağa Quliyevin sənətində əsl məktəb rolunu oynayır. O, burada elə püxtələşir ki, 1951-ci ildə artıq özü xalq çalğı alətləri ansamblı yaradır. 1951-1955-ci illərdə Azərbaycan radiosunda baş redaktor və xalq çalğı alətləri ansambllarının rəhbəri olmuşdur. Sonrakı beş ildə Opera və Balet Teatrında solist-tarzən kimi fəaliyyət göstərmişdir. Onun “Rast”, “Mahur-Hindi”, “Bayatı-Şiraz”, “Bayatı-Kürd”, “Hümayun”, “Çahargah”, “Çoban bayatı”, “Şüştər” və digər muğamlarımızın ifasına çoxları məftun olurdu. 1960-cı ildən 1966-cı ilədək isə Azərbaycan Dövlət Filarmoniyasında xalq çalğı alətləri ansamblının rəhbəri işləmişdir. Bundan sonra bir neçə il Rəşid Behbudovun rəhbərlik etdiyi “Mahnı teatrı”nda solist-tarzən kimi fəaliyyət göstərmişdir. 1969-cu ildə yenidən Filarmoniyaya qayıdaraq orada xalq çalğı alətləri ansamblının rəhbəri kimi çalışmışdır. 1978-ci ilədək bu vəzifədə olmuşdur. Həmin vaxtdan 1995-ci ilədək isə Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin xalq çalğı alətləri ansamblının rəhbəri və musiqi konsertlərinin təşkilatçısı – rejissor işləmişdi.1971-ci ildə Moskvada keçirilən Ümumdünya Musiqi Konqresində müvəffəqiyyətlə iştirak etmişdi. İki il sonra – 1973-cü ildə Almatıda, Asiya Ölkələri Xalqlarının Musiqi Festivalında da çıxışları eyni uğurla keçmişdir. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: