EventsFestivallarJazzSərgi

Beynəlxalq Caz Festivalı çərçivəsində rəsm sərgisi açılıb

Bakıda keçirilən XII Beynəlxalq Caz Festivalı çərçivəsində oktyabrın 20-də “Landmark”da iki rəsm sərgisi açılıb.

Frame.az xəbər verir ki, iştirakçılar əvvəlcə İncəsənət Gimnaziyasının təsviri və tətbiqi sənət şöbəsinin şagirdlərinin əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Sərgidə şagirdlərin 60-dan çox yağlı boya, qarışıq texnika, akvarel və batika janrlarında çəkdikləri rəsmlər nümayiş olunub.

Böyük maraq doğuran rəsmlərdə əsasən caz janrının görünən və görünməyən tərəfləri, məşhur cazmenlərin portretləri yer alıb.

Şagirdlər bu əsərlərdə öz bacarıqları və yaradıcı təxəyyülləri ilə cazın müasir dünyamızda necə sevildiyini və bir musiqi janrı kimi gənclərin marağına səbəb olduğunu göstərməyə çalışıblar.

Növbəti sərgi isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 3-cü kurs tələbəsi Fidan Zeynallının işlərindən ibarət olub.

F.Zeynallı bildirib ki, bir aydan çox işlədiyi 20 rəsm əsərində Azərbaycan və dünya cazının xüsusiyyətlərini, bu musiqi janrının bənzərsiz simalarının obrazlarını yaratmağa çalışıb. Sulu boya ilə işlədiyi bu rəsmlərin sıfarişini isə festivalın təşkilatçılarından alıb.

İştirakçıların maraqla qarşıladığı hər iki sərgi festivalın son günü, yəni oktyabrın 28-dək davam edəcək.

Qeyd edək ki, festivalda Almaniya, ABŞ, İsveçrə, İsveç, Niderland, İsrail, Türkiyə, Norveç, Kolumbiya, Qvineya, Meksika, Polşa, habelə Azərbaycanın caz kollektivləri iştirak edəcək. Builki festivalın əsas qonaqları sırasında dünya şöhrətli akkordeonçu Rişar Qalyano da yer alıb.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!