EventsMuğamMusiqiMədəniyyət

Beynəlxalq Muğam Mərkəzi yeni möhtəşəm “Aşıq musiqisi axşamları”adlı layihəsini təqdim etdi

Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə “Aşıq musiqisi axşamları” adlı yeni möhtəşəm layihəyə start verildi.Yanvarın 12- də layihə çərçivəsində “Koroğlu”ya qayıdaq” konsert-tamaşa keçirildi. Layihə Azərbaycan Aşıqlar Birliyinin dəstəyi ilə həyata keçirilir.
Azərbaycan aşıq sənəti çox dərin tarixi kökləri olan və yüzilliklər boyu keçilən inkişaf yolunun məntiqi məhsuludur. Qədim dövrlərdə və orta əsrlərdə aşıqlara “ozan”, “varsaq”, “dədə” deyirdilər.
Müasir Azərbaycan aşıqlarının əcdadı olan qədim ozanların həyatına, məhəbbətinə, vətənpərvərliyinə, igidliklərinə həsr edilmiş ən qədim yazılı mənbə, yeddinci əsrə aid olan “Kitabi Dədə Qorqud” xalq dastanıdır.
Tarixən musiqi folklorunun bəstəkarların yaradıcılığına böyük təsiri olmuşdu. Aşıq musiqisi Şifahi ənənəli musiqinin ən qədim sahələrindən biri olaraq  xalq musiqisində,  muğam sənətində, Azərbaycan opera yaradıcılığının inkişafında mühüm yer tutur. 2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı UNESCO-nun qeyri-maddi mədəni irsin Reprezentativ siyahısına daxil edilmişdir.
İlk dəfə aşıq musiqisinin xüsusiyyətlərindən bəstəkar Ü.Hacıbəyov “Koroğlu” operasında istifadə etmişdir. Müasir musiqinin texniki vasitələriylə aşıq musiqisinin xüsusiyyətlərini birləşdirən digər bəstəkar Qara Qarayev üçüncü simfoniyasının ikinci hissəsində onların vəhdətini yarada bilmişdir.
“Koroğluya qayidaq” adlı tədbirdə “Koroğlu”dastanının “Koroğlu  və Dəli Həsən”, “Koroğlunun İstanbul səfəri”boyları əsasında qurulmuş səhnələr tamaşaçılıara təqdim olunub.
Tamaşada aşıq Əli Zeynəlabdinov, aşıq Kəmalə Mehdiyeva, aşıq Qələndər Zeynalov, aşıq Altay Məmmədli, aşıq Kərəm Vəliyev, aşıq Gözəl Zalova, aşıq Ramin Qarayev, aşıq Əfsanə Kərimli, aşıq Səbinə İbrahimova, aşıq Toğrul İbrahimov, aşıq Əhməd Vəliyev, aşıq Neymət Qasımlı, Ələkbər Kərimli (balaban) “Misri”, “İrəvan çuxuru”, “Laçını”, “Hüseyni”, “Gəraylı”,”Dübeyti”, “Oğuz oğlu”, “Dəli Koroğlu”, “Osmanlı Divanisi”, “Kərəm gözəlləməsi”, “Paşa köçdü”,  “Araz gülü”, “Koroğlu Dübeyti” aşıq havalarını ifa ediblər.
Lahiyə çərçivəsində  «Ələsgərin saz-söz dünyası» (16 fevral), «Zərif əllər, incə tellər» (7 mart), «Aşıq Şəmşir seiri» (28 mart), «Yada salaq Aşıq Ədaləti» (12 aprel), «Yeni səslər, qədim havalar» (16 may) adlı tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Ümumiyyətlə, Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin  təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir ki, onlardan biri də “Muğam axşamları” layihəsidir.  Bu layihə çərçivəsində tanınmış ifaçılar tərəfindən muğamlar, xalq mahnıları və təsniflər səsləndirilib.
Layihənin informasiya dəstəyini Azərtac, Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalı, Azərbaycan Radiosu və “Baku” jurnalı həyata keçirir.
Biletləri şəhərimizin kassalarından,“ASAN xidmət” mərkəzlərindən və iticket. az (online) saytından əldə etmək olar.
Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!