MusiqiMədəniyyətTəqdimat

Beynəlxalq Muğam Mərkəzində tarzən Ramiz Quliyevin yaradıcılıq gecəsi keçirilib

Oktyabrın 31-də Beynəlxalq Muğam Mərkəzində tanınmış tarzən, Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli Ramiz Quliyevin 70 illik yubileyinə həsr edilmiş “Səslən tarım” adlı tədbir keçirilib.

       Respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi,Beynəlxalq Muğam Mərkəzi və“Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə gerçəkləşib.

       Əvvəlcə sənətkarın həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

       Tədbirin aparıcısı Əməkdar incəsənət xadimi Sərdar Fərəcov çıxış edərək,sənətkarın həyat və yaradıcılığından, musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən söz açıb. Bildirib ki, məşhur tarzən Azərbaycan musiqi ifaçılığı sənətində önəmli iz qoyan parlaq sənətkarlardan biridir. Hazırda Azərbaycan xalq musiqisini sevənlər arasında elə bir şəxs tapılmaz ki, tarın virtuoz ifaçısı, milli muğamlarımızın mahir bilicisi olan Ramiz Quliyevin yaradıcılığı ilə tanış olmasın.

      Tarzənin oğlu, Əməkdar artist Əyyub Quliyev çıxış edərək ailəsi adından tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirərək qeyd edib ki, böyük sənətkar dünyanın ən məşhur konsert salonlarında tanınmış orkestrlərlə eyni səhnəni bölüşərək dinləyicilərin qəlbinə yol tapıb. Görkəmli tarzənin sənət fəaliyyəti hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Belə ki, 2007-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən ona musiqi sənətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni, bu yaxınlarda isə “Şərəf” ordeni verilib. Bundan əlavə, sənətkar 2014-cü ildə Dövlət mükafatı laureatı adını alıb.

       Daha sonra tədbir konsert proqramı ilə davam edib.Respublikamızın tanınmış ifaçıları Əməkdar artistlər Sevinc Sarıyeva,Təyyar Bayramov,xanəndələr Aytən Məhərrəmova,Abgul Mirzəliyev,Xətai Hacıyev tərəfindən muğamlar,xalqvə bəstəkar mahnıları səsləndirilib,Konsertdə tarzənin oz ifası ilə yanaşı sənətkara həsr olunmuş şeirlər də oxunub.

       Tədbirin sonunda Ramiz Quliyev çıxış edərək Azərbaycan mədəniyyətinə,musiqisinə göstərilən diqqət və qayğıya,Azərbaycan muğamının,tarının qorunması,inkişafı və dünyada tanıdılması istiqamətində həyata keçirilən tədbirlərə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

        Gecədə ifaçıları Xalq artisti Adil Bağırovun rəhbərliyi ilə Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblı müşayiət edib.Konsert maraqla və alqışlarla qarşılandı.

        Noyabrin 7-də saat 19-00-da Beynəlxalq Muğam Mərkəzində tanınmış qarmon ifaçısı,Əməkdar artist Zakir Mirzəyevin yaradıcılıq gecəsi keçiriləcək.Biletləri şəhərin kassalarından,Asan xidmət mərkəzlərindən və online iticket.az saytından əldə etmək olar.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!