EventsMədəniyyətTəqdimat

Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə general-mayor Polad Həşimovun xatirəsinə həsr olunan film təqdim ediləcək

İyulun 12-də saat 17:00-da Beynəlxalq Muğam Mərkəzində “Portret 3293” adlı sənədli filmin təqdimat mərasimi keçiriləcək. Film general-mayor Polad Həşimovun xatirəsinə həsr olunub.
Layihənin rəhbəri və ideya müəllifi Nurana Babayeva bildirib ki, ötən il xain düşmən tərəfindən Tovuz hadisələrinin törədilməsi və general-mayor Polad Həşimovun şəhid olması məni bir Azərbaycan gənci kimi çox sarsıtdı. 2020-ci ilin iyul ayından emalatxanamda generalın portretini işləməyə başladım. Polad Həşimovun portreti mənim bu janrdakı ilk işimdir. Eyni zamanda ideyamı genişləndirərək “Portret 3293” sənədli filminin ərsəyə gəlməsinə nail olduq.  3293 rəqəmi Polad Həşimovun düşməndən aldığı postun adı, hadisələrin cərəyan etdiyi yer və dəniz səviyyəsindən 3293 metr yüksəklikdə olmasını əks etdirir. Zabit və əsgər heyəti həmin postu həm də Polad postu adlandırırdı. Qeyd edim ki, heç bir sponsorluq və maliyyə dəstəyini qəbul etmədən bu işi həyata keçirdim. Polad Həşimovun ailə üzvlərinin tövsiyələrini nəzərə alaraq layihəmi tamamladım.  Filmin və portretin təqdimatı üçün etdiyim müraciətə Beynəlxalq Muğam Mərkəzi müsbət cavab verdi və bir Azərbaycan gənci kimi layihəmin təşkilatı məsələlərində mənə dəstək verdi. Bu vətənpərvərlik layihəsinin  yüksək səviyyədə  təqdimatına razılıq və dəstək verdiyi üçün Beynəlxalq Muğam Mərkəzinin rəhbərliyinə minnətdarlığımı bildirirəm.
Film “Chelebi Media Group” tərəfindən lentə alınıb. Çəkilişlər Azərbaycan Hərb Tarixi Muzeyi,  II Fəxri Xiyaban, Sumqayıt şəhəri Polad Həşimovun evi, Heydər Əliyev adına Ali Hərbi Məktəbdə aparılıb. Təqdimatda, Milli Məclisin deputatları, Mədəniyyət Nazirliyi və Gənclər və İdman Nazirliyinin nümayəndələri, mədəniyyət və elm xadimləri, Gənclər Təşkilatlarının nümayəndələri, general Polad Həşimovun ailə üzvləri və hərbçi dostları iştirak edəcəklər.
Təqdimat 12 iyul saat 17:00-da Beynəlxalq Muğam Mərkəzində reallaşacaq.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!