BMT Azərbaycanda “Xəzər günü” ilə əlaqədar çimərliklərin təmizlənməsi aksiyasını dəstəkləyib

12 avqust “Xəzər günü” ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatının agentlikləri, dövlət qurumları və ictimaiyyət nümayəndələri bir araya gələrək, bu gün Buzovna çimərliyi ərazisində dəniz sahilinin plastik və digər tullantılardan təmizlənməsi məqsədilə iməcilik keçirib. Keçirilən aksiya zamanı 5 hektar ərazi tullantılardan təmizlənib, 10 kub metr tullantı çeşidlənərək aidiyyəti üzrə daşınıb.

Tədbir BMT-nin Azərbaycandakı nümayəndəliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Balaxanı Sənaye Parkının rezident şirkəti “AzEkol” MMC və “EkoSfera” İctimai Birliyi tərəfindən təşkil edilib. Tədbirdə tərəfdaş qurumların rəsmiləri ilə yanaşı media təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirin keçirilməsində məqsəd Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu vurğulamaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir.

Bu təşəbbüs, “Xəzər günü” ilə bərabər, Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədlərinin Azərbaycanda həyata keçirilməsinə də xidmət edir. Belə ki, tədbir, Qlobal Məqsəd 12: Dayanıqlı istehlak və istehsal modellərinə keçidi təmin etməklə yanaşı, həm də ümumilikdə, Məqsəd 14-də göstərildiyi kimi,  okeanları, dənizləri və dəniz ehtiyatlarını qorumaq və onlardan səmərəli istifadə etməyin vacibliyini geniş ictimaiyyətə aşılamağa yönəlmişdir. Xəzəryani çimərlik ərazilərinin tullantılardan təmizlənməsi aksiyası  iqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə aparmaq üçün təxirəsalınmaz tədbirlərdən biridir ki, bu da öz növbəsində Qlobal Məqsəd 13-də öz əksini tapmışdır.

Bu cür tədbirləri mütəmadi şəkildə keçirməklə, 15-ci Qlobal Məqsəddə göstərildiyi kimi, meşələri dayanıqlı şəkildə idarə etmək, səhralaşmaya qarşı mübarizə aparmaq, torpaqların deqradasiyasına son qoyaraq onları bərpa etmək və bioloji müxtəlifliyin itirilməsinin qarşısını almaq mümkün olacaqdır.

Buzovna çimərliyində keçirilən təmizlik aksiyasının təşkilatçıları  dayanıqlı istehlak, dənizlərin qorunması, ekosistemin mühafizəsi və ətraf mühitin müdafiəsinə həsr olunmuş bu cür maarifləndirici ortaq təşəbbüslərin gələcəkdə də təşkil olunacağını bildiriblər.

Qeyd edək ki, 12 avqust 2006-cı il tarixində Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər il 12 avqust “Xəzər günü” kimi qeyd olunur.

 

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: