EventsIdmanTəqdimat

Böyüklər arasında Azərbaycan çempionatı – 2017

11-13 yanvar 2017-ci il tarixdə Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında növbəti Azərbaycan çempionatı keçiriləcək.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışlarda 18 yaşı tamamlamış, 1998-ci il və yuxarı yaşlı idmançılar iştirak edə bilərlər. Şəxsi xarakter daşıyan yarışlarda idman cəmiyyətləri, idman klubları, idman təşkilatları, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan idmançılar mübarizə aparacaq.

Dünya Güləş Birliyinin qaydalarına əsasən keçiriləcək yarışlar Azərbaycan Güləş Federasiyası Hakimlər Kollegiyasının təyin etdiyi hakimlər tərəfindən idarə olunacaq. Sərbəst güləşçilər 57, 61, 65, 70, 74, 86, 97 və 125 kq-a qədər, yunan-Roma güləşçiləri isə 59, 66, 71, 75, 80, 85, 98 və 130 kq-a qədər çəki dərəcələrində qüvvələrini sınayacaqlar.

Proqrama əsasən, sərbəst güləş üzrə yarışların keçiriləcəyi ilk gündə 57, 61, 65, 70, 74 kq çəki dərəcələrində güləşçilər öz aralarında ən güclüləri müəyyənləşdirəcək. Yanvarın 12-də 86, 97 və 125 kq sərbəst, 59, 66, 71 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri, son gündə isə 75, 80, 85, 98 və 130 kq yunan-Roma güləşçiləri mübarizə aparacaq.

Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunacaq, həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb ediləcək və il ərzində komandanın iştirak edəcəyi beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı əldə edəcəklər. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!