EkologiyaFrame LifeTəqdimatƏn SonƏn Son

Bu gün Dünya Ətraf Mühitin Mühafizəsi Günüdür

XIX əsrin sonlarından başlayan elmi-texniki tərəqqinin, sənayenin sürətli inkişafının ətraf mühitə etdiyi təsirlər XX əsrin ortalarında öz mənfi nəticələrini göstərməyə başlayıb. İnsanlar təbiətə olan münasibətlərini dəyişməyəcəkləri, onun ehtiyatlarından səmərəsiz istifadəni dayandırmayacaqları təqdirdə həmin prosesin onların özlərinə qarşı çevriləcəyini və arzuolunmaz sonluqlara gətirib çıxaracağını anlayıblar. Yaranan problemin gələcəkdə qlobal kataklizmlərə səbəb olacağını başa düşən alimlər və ekoloqlar öz etiraz səslərini ucaltmağa, həyəcan təbili çalmağa başlayıblar.

Frame.az xəbər verir ki, problemin ciddiliyini dərk edən beynəlxalq təşkilatlar, tərəqqipərvər dünya ictimaiyyəti məsələni daim diqqət mərkəzində saxlamağa çalışıb. Belə ki, 1972-ci il iyunun 5-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının İsveçin paytaxtı Stokholm şəhərində keçirilən iclasında da ətraf mühitin mühafizəsi məsələsi diqqət mərkəzində olub. Problemin kəskinliyini, əhali arasında ekoloji şüurun yüksəldilməsinin, ətraf mühitin mühafizəsi məsələlərinə diqqətin yönəldilməsinin vacibliyini nəzərə alan tədbir iştirakçıları iyunun 5-nin Dünya Ətraf Mühit Günü və ya Dünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunmasına qərar veriblər. Növbəti ildən həmin gün bütün dünyada təntənəli şəkildə qeyd olunmağa başlayıb.

Azərbaycanda da ətraf mühitin mühafizəsinə xüsusi diqqət yetirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədilə müxtəlif tədbirlər həyata keçirir.

Son illər Bakıda və ətraf yaşayış massivlərində həyata keçirilən ekoloji tədbirlər, o cümlədən ağacəkmə aksiyaları birbaşa ətraf mühitin qorunmasına və yaşıllaşdırmaya xidmət edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hər il meşəbərpa tədbirləri həyata keçirilir, yeni meşə sahələri və yaşıllıqlar salınır, qiymətli ağac və kol cinslərinin qorunması və artırılması sahəsində işlər görülür.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən yaşıllıqların salınmasında iqtisadi səmərə verən bitki növlərindən istifadə səviyyəsinin artırılması, meşə sahələrinin seyrəkləşməsinin və azalmasının, torpaqların eroziyası təhlükəsinin qarşısının alınması, bütövlükdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə 10 min 382 hektar meşə fondu sahələrində meşəbərpa tədbirləri həyata keçirilib. Görülmüş tədbirlər çərçivəsində 527,3 hektar sahədə meşə əkinləri, 121,2 hektar sahədə meşə səpinləri işləri aparılıb, 68,5 hektar sahədə meşə-bağlar, 5 hektar sahədə tez böyüyən ağac cinslərindən ibarət sənaye əhəmiyyətli plantasiyalar salınıb və 9660 hektar sahədə təbii bərpaya kömək göstərilib. Ümumilikdə xidmət göstərilmiş meşə əkinlərinin, səpinlərinin və meşə-bağlarının sahəsi 21668,6 hektar təşkil edib.

Bundan başqa, səpin sahələrində 9,6 hektar sahəyə toxumlar səpilib, 2 hektar çilik kökləndirməsi sahələrinə 93,2 min ədəd çilik basdırılıb.

2020-ci ildə meşə fondu sahələrindən 51 ton meyvə, meşə ağac və kol cinslərinin toxumları tədarük edilib ki, bunların da 1,6 tonu qoz, 0,5 tonu badam, 0,4 tonu digər meyvə ağaclarının, 46,8 tonu palıd, 1,7 tonu digər meşə ağacları və kol cinslərinin toxumlarının payına düşüb.

Builki yaz ağac əkini mövsümü öz məxsusiliyi ilə seçilib. Çünki bu il mövsümə işğaldan azad edilmiş Zəngilan rayonundan start verilib.

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyasının gedişatında yaz ağacəkmə dövründə respublikanın meşə fondu ərazilərindəki açıq sahələrdə 400 mindən artıq meşəcinsli ağac əkilib, meşəbərpaya kömək məqsədilə 4 tondan çox toxum səpilib. Eyni zamanda, vətəndaşlara, icra hakimiyyətlərinə, dövlət və özəl təşkilatlara nazirliyin tinglik sahələrində yetişdirilən 121 mindən çox müxtəlifcinsli ağac tingi paylanılıb. Ağacəkmə tədbirləri bütün regionlarda payız mövsümündə də davam etdiriləcək. İlin sonunadək 1 milyondan çox ağacın əkilməsi nəzərdə tutulub.

Ötən il rəşadətli Ordumuzun qazandığı möhtəşəm Zəfərdən sonra işğaldan azad edilmiş torpaqlarımıza 30 il ərzində erməni vandalları tərəfindən vurulan ziyanın hesablanması məqsədilə monitorinqlərə başlanılıb. Düşmən tapdağından azad edilmiş torpaqlarda ətraf mühitə, biomüxtəlifliyə, su resurslarına vurulan ziyanın hesablanmasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri fəal iştirak edirlər. Nazirlik həmin ərazilərin bərpası və oranın dilbər guşələrə çevrilməsi istiqamətində də müxtəlif tədbirlər görməyi planlaşdırır.

Hər il bir deviz altında qeyd edilən bu günün cari ildəki şüarı “Ekosistemin bərpası”dır.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!