FutbolIdman

Bu gün futbol üzrə Avropa çempionatının birinci turunun üç oyunu keçiriləcək

Bu gün futbol üzrə sayca 16-cı Avropa çempionatının birinci turunun üç qarşılaşması keçiriləcək.

A qrupunda bir, B qrupunda isə iki oyun təşkil olunacaq.

A qrupundakı Uels-İsveçrə görüşü Bakı Olimpiya Stadionunda olacaq. Bu, Azərbaycan paytaxtında gerçəkləşəcək ilk qarşılaşmadır. Fransalı Kleman Turpenin idarə edəcəyi oyun saat 17:00-da start götürəcək.

Matça təxminən 6-7 min bilet satılıb. Komandalar böyük turnirlərin final mərhələlərində ilk dəfə üz-üzə gələcəklər. İndiyədək iki yığma arasında oynanılmış 7 oyunun 5-də İsveçrə, 2-də isə Britaniya təmsilçisi qələbə qazanıb. Komandaların arasında heç vaxt heç-heçə qeydə alınmayıb.

İsveçrə qatıldığı son 3 nüfuzlu turnirdə DÇ-2014, “Avro-2016” və DÇ-2018-də qrupdan çıxmağı bacarıb. Hər üç yarışın səkkizdəbir finalında uduzan komanda əvvəlki uğurunu növbəti dəfə təkrarlamaq istəyir. Uels isə 2016-cı ildə Fransadakı qitə çempionatının yarımfinal mərhələsinə kimi adlayıb.

B qrupunda turnirin iddialı komandalarından, hazırda FIFA reytinqində ilk pillədə qərarlaşan Belçika yığması Rusiya ilə, Danimarka isə Avropa çempionatının debütantı Finlandiya ilə üz-üzə gələcək. Görüşlər müvafiq olaraq 20:00-da və 23:00-da baş tutacaq.

Xatırladaq ki, çempionatın açılış matçı iyulun 11-də Türkiyə və İtaliya seçmələri arasında olub. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə italyanlar üstün olub – 3:0.

Qeyd edək ki, iyulun 13-nə kimi davam edəcək turnir qitənin 12 şəhərində – Bakı (“Olimpiya Stadionu”), Sankt-Peterburq (“Sankt-Peterburq Arena”), London (“Uembli”), Münhen (“Münxen Arena”), Roma (“Olimpiko”), Buxarest (“Nasyonal Arena”), Kopenhagen (“Parken”), Amsterdam (“Yoxan Kroyff”), Sevilya (“La-Kartuxa”), Qlazqo (“Hampden Park”) və Budapeştdə (“Puşkaş Arena”) keçirilir.

2020-ci il noyabrın 30-da Buxarestdə püşkatmaya əsasən Türkiyə millisi İtaliya, Uels və İsveçrə yığmaları ilə birlikdə A qrupunda yer alıb. Danimarka, Finlandiya, Belçika və Rusiya seçmələri B, Hollandiya, Ukrayna, Avstriya və UEFA Millətlər Liqasının A, yaxud D liqasının qalibi olacaq komanda C qrupunda mübarizə aparacaqlar. D qrupunda İngiltərə, Xorvatiya, Çexiya və Millətlər Liqasının C liqasının qalibi yarışacaqlar. İspaniya, İsveç, Polşa və B liqasının qalibi olacaq komanda E qrupunda yer alıblar. Sonuncu – F qrupunda isə Millətlər Liqasının A və ya D Liqasının qalibi, Portuqaliya, Fransa və Almaniya seçmələri qarşılaşacaqlar.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!