Bu gün Maestro Niyazi-nin doğum günüdür

Azərbaycan musiqi mədəniyyətinin inkişafında maestro Niyazinin xidmətləri misilsizdir. Bir çox görkəmli bəstəkarlarımızın əsərlərinin gözəl ifası məhz onun adı ilə bağlıdır. Bu yerdə ölməz bəstəkarımız Qara Qarayevin bir fikri yada düşür: “Mən əsərlərimin Niyazinin dirijorluğu ilə ifasından çox məmnun oluram və başqa bir dirijor arzulamıram”. Əlbəttə, maestro Niyazi haqqında buna bənzər fikirlər çoxdur. O, Azərbaycan bəstəkarlarının əsərlərini bütün dünyada tanıdaraq onların təbliğində xüsusi rol oynayıb. Bununla yanaşı o, Qərb və rus bəstəkarlarının əsərlərinə də eyni dərəcədə professionallıqla dirijorluq edib. Niyazinin adı dünya şöhrətli dirijorlarla yanaşı çəkilir. Bu böyük sənətkarın yaradıcılığı əsil örnəkdir.

Niyazi Zülfüqar oğlu Tağızadə – Hacıbəyov 1912-ci il avqustun 20-də Tiflisdə anadan olub. Erkən yaşlarından əmisi Üzeyir bəyin himayəsi altında böyüyüb. Onun musiqi sənətini seçməyində istedadı ilə yanaşı Üzeyir bəyin də əvəzsiz xidmətləri olub.

Niyazinin ilk böyük müvəffəqiyyəti 1938-ci ildə Moskvada keçirilən “Azərbaycan incəsənəti günləri”ndəki çıxışı ilə bağlıdır. O, Moskvada Üzeyir Hacıbəylinin “Koroğlu” və Müslüm Maqomayevin “Nərgiz” operalarına dirijorluq edərək həm həmin əsərlərə, həm də onların müəlliflərinə bir daha uğur qazandırır.
Maestronun gəncliyindən ömrünün sonuna qədər davam edən belə uğurlu çıxışları mədəniyyət tariximizə saysız-hesabsız nailiyyətlər bəxş edib. Onun adı həm də Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli simaları ilə birgə çəkilir. “Xosrov və Şirin” operası, “Zaqatala”, “Azərbaycan” süitaları, “Rast” simfonik muğamı və s. əsərlər Niyazinin qələminin məhsuludur. O, hətta 1986-cı ildə R.Taqorun süjeti əsasında yazdığı “Çitra” baletinə görə “Cəvahirləl Nehru” mükafatına layiq görülmüşdü.

Maestro Niyazinin misilsiz xidmətləri daim xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Ona olan xalq məhəbbəti bu gün də yaşayır. Maestronun mənzili 1994-cü ildən ev-muzeyi kimi fəaliyyət göstərir. Burada müxtəlif incəsənət tədbirləri keçirilir və hətta bəstəkarlar haqqında bu mənzildən dəfələrlə verilişlər hazırlanıb. Hər il avqust ayında isə burada Maestronun xatirə gecəsi keçirilir. Böyük sənətkar doğulduğu ayda, avqustun 2-də (1984) vəfat edib.

Kayzen. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: