FutbolIdman

Bu gün UEFA Avropa Liqasının Bakıda keçiriləcək finalının iştirakçıları məlum olacaq

Mayın 9-də UEFA Avropa Liqasının yarımfinal mərhələsinin iki qarşılaşması keçiriləcək.

Frame.az xəbər verir ki, Almaniyanın avrokubokda mübarizəni davam etdirən yeganə təmsilçisi “Ayntraxt” İngiltərənin “Çelsi” klubunun qonağı olacaq. Bu klubların Frankfurtda keçirilən görüşündə qalib müəyyənləşməyib – 1:1. Almanlar finala vəsiqə qazanmaq üçün mütləq qələbə qazanmalıdır. Qrup mərhələsində maksimum nəticə göstərən Frankfurt klubu yarımfinala qədər cəmi bir oyunda məğlub olub. Adolf Hütterin rəhbərlik etdiyi kollektiv Portuqaliyada baş tutmuş dörddəbir finalın ilk görüşündə “Benfika”ya uduzub – 2:4. Lakin bu komanda evdə 2 cavabsız qolla qalib gəlməklə, növbəti mərhələyə çıxıb. Bundan başqa, “Ayntraxt” onaltıdabir finalda Ukraynanın “Şaxtyor” klubunu (2:2, 4:1), ardınca isə İtaliyanın “İnter” komandasını (0:0, 1:0) mübarizədən kənarlaşdırıb.

“Çelsi” UEFA Avropa Liqasının cari mövsümündə keçirdiyi 13 oyundan heç birində uduzmayıb. İki matçda heç-heçə edən “zadəganlar” 11 qarşılaşmadan qalib ayrılıblar. Mauritsio Sarrinin baş məşqçi olduğu komanda qrupdan çıxandan sonra İsveçin “Malmö” (2:1, 3:0), Ukraynanın “Dinamo” (3:0, 5:0) və Çexiyanın “Slaviya” (1:0, 4:3) klubundan güclü olub.

Digər oyun isə İspaniyada baş tutacaq. Ötən mövsüm turnirin yarımfinalında İspaniyanın digər təmsilçisi “Atletiko”ya uduzan (1:1, 1:0) “Arsenal” “Valensiya”nın qonağı olacaq. “Qarabağ”la birgə “E” qrupunda yer almış klub yarımfinala qədər Belarusun BATE (0:1, 3:0), Fransanın “Renn” (1:3, 3:0) və İtaliyanın “Napoli” (1:0, 2:0) kollektivlərindən güclü olub.

Yarımfinalçılar arasında cari avrokubok mövsümündə çıxışına UEFA Çempionlar Liqasından başlayan yeganə komanda – “Valensiya” isə yarımfinala kimi Şotlandiyanın “Seltik” (2:0, 1:0), Rusiyanın “Krasnodar” (2:1, 1:1) və İspaniyanın “Vilyareal” (3:1, 2:0) komandalarını mübarizədən kənarlaşdırıb. Bu komandaların arasında Londonda baş tutan ilk görüşdə “Arsenal” 3:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, UEFA Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!