Bu ilin ilk yarısında AKİA 719 fermerin 82.05 milyon manat dəyərində aqrobiznes layihələrini dəstəkləyib

Cari ilin birinci yarısında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən 328 fermerə 11,35 milyon manat güzəştli nağd pul krediti ayrılıb, 391 nəfərə isə 1432 ədəd ümumi dəyəri 70,7 milyon manat olan kənd təsərrüfatı texnikası satılıb.

Agentliyin mətbuat xidmətindən Frame.az-a bildirilib ki, bu sözləri AKİA-nın yarımillik hesabat-konfransında qurumun sədri Mirzə Əliyev deyib.

O qeyd edib ki, texnika alan fermerlər əvəzindən 27,1 milyon manat vəsait AKİA tərəfindən təchizatçılara subsidiya kimi köçürülüb, texnika alışı üçün 236 fermerə 12,67 milyon manat güzəştli kredit ayrılıb.

“Deyə bilərik ki, aqrar sahədə lizinq fəaliyyəti tam olaraq liberallaşdırılıb. Əgər ötən ilin sonlarınadək kənd təsərrüfatı texnikası bazarında yalnız bir təchizatçı vardısa, hazırda bu təchizatçıların sayı 35-dir və istəyən hüquqi və fiziki şəxs bu bazara sərbəst daxil ola bilər”, – agentliyin sədri vurğulayıb.

M. Əliyev nəzərə çatdırıb ki, əgər ötən ilin ilk yarısında 62,8 milyon manatlıq kənd təsərrüfatı texnikası satılmışdısa, bu il həmin rəqəm 12 faiz çox, yəni 70,7 milyon manatdır: “Bildiyiniz kimi, bu il biçin mövsümü fermerlər üçün məhsul itkisi olmadan başa çatıb. Bunun səbəbi “Aqrolizinq” ASC-nin uğurlu dislokasiya planı ilə yanaşı, həm də fermerlərdə özəl kombaynların sayının artmasıdır. Yarım ildə ötən ilin eyni dövründə olduğundan 3 dəfə çox kombayn satılıb. Bu da əlverişli satış şərtlərinin yaranmasının göstəricisidir”, – deyə AKİA-nın sədri vurğulayıb.

O, fermer və təchizatçılar arasında aparılan məlumatlandırma işlərindən də danışıb. Belə ki, kənd təsərrüfatı texnikasının yeni satış mexanizmi və kredit qaydaları barədə fermerləri məlumatlandırmaq, eləcə də təchizatçılarla fermerlərin birbaşa əlaqəsini təmin etmək məqsədilə silsilə tədbirlər görülüb. Bunlardan 30-dək rayonu əhatə edən və 10 min fermerin iştirak etdiyi 6 texnika yarmarkasını, 8 regionda kredit yarmarkalarını nümunə göstərmək olar. Bundan başqa, yeni qaydalarla tanışlıq məqsədilə AKİA-nın əməkdaşları bank və təchizatçılar üçün 10-dək təqdimat keçirib.

Bildirilib ki, uzun illər “Aqrolizinq” ASC-dən başqa texnika təchizatçısı tanımayan fermerlərin istədikləri texnikanın axtarışını asanlaşdırmaq məqsədilə AKİA-nın dəstəyi ilə özəl sektor tərəfindən www.aqrotexnika.az saytı hazırlanıb. Bu elan-satış platformasında fermerlər müxtəlif təchizatçıların yerləşdirdiyi texnikalar və onların qiymətləri ilə tanış ola və təchizatçılarla əlaqə saxlaya biləcəklər. AKİA öz saytını – www.akia.gov.az saytını da yeniləyərək istifadə üçün daha asan edib.

Sonda M. Əliyev agentliyin həyata keçirdiyi layihələr barədə məlumat verib və jurnalistlərin suallarını cavablandırıb.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: