BÜTÜN DÜNYA – BİR SƏRGİ

Bu il Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF” 2017 sərgisi 6 aprel tarixində Bakı Ekspo Mərkəzində start götürəcək. Sayca 16-cı olan bu sərgi turizm biznesi, yerli və regional turizm təşkilatları, dövlət strukturları, eləcə də media nümayəndələrini yenidən bir araya toplayacaq və regionun həm daxili, həm də xarici turizm dinamikasını yaxından əks etdirəcəkdir. İşgüzar turizm qovşağı (“hub”) kimi fəaliyyət göstərən “AITF” sərgisi mühüm görüşlərin keçirildiyi, müqavilələrin imzalandığı, habelə yeni proqram və istiqamətlərin elan edildiyi məkandır. Respublika rəhbərliyi tərəfindən həm turizmə həm də “AITF” sərgisinə göstərilən xüsusi diqqət turizm sahəsinin biznes əlaqələrinin inkişafına əlavə təkan verir. Son bir neçə ildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu sərgini ziyarət edir, sərgi ekspozisiyaları və iştirakçıları ilə tanış olur. Yarandığı gündən etibarən “AITF” sərgisi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tərəfindən dəstəklənir.

BÜTÜN DÜNYA – BİR SƏRGİ

Hər il keçirilən bu sərgi haqlı olaraq səyahətlər birjası hesab edilir, belə ki, burada yerli turizm şirkətləri təklif etdikləri səyahət marşrutları portfoliosunu genişləndirmək, iştirakçı ölkələr isə Azərbaycanda daxili və xarici turizm axınını artırmaq imkanını əldə edirlər. 2017-ci ildə sərgi dünyanın 22 ölkəsini təmsil edən 272 şirkəti bir araya toplamaqla, 90-dan artıq müxtəlif xarici turizm istiqamətini, eləcə də ölkə daxilində istirahət imkanlarını yenidən ziyarətçilərin diqqətinə təqdim edəcək. Sərgidə 17 milli və regional stend təmsil olunur. Milli stendlər arasında Belarus, Bolqarıstan, Macarıstan, Gürcüstan, Dominikan Respublikası, Mərakeş, Tailand, Türkiyə və Çexiyanın stendləri, eləcə də “Roqaşka Slatina” (Sloveniya) və Stavropol (Rusiya) əyalətini təmsil edən regional stendlər yer alır.

Hər il sərgi iştirakçılarının tərkibinə həm Azərbaycanı, həm də xarici ölkələri təmsil edən yeni iştirakçılar qatılırlar. Bu il ilk dəfə olaraq, Kolumbiya və Kuba Azərbaycandakı səfirliklərinin dəstəyi ilə sərgidə milli stendlə iştirak edəcək. Regional stendlər arasında Dağıstan (Rusiya), Kazan (Rusiya) və Odessa (Ukrayna) debüt edəcək.

Sərgidə kurortlar, turizm şirkətləri, mehmanxana şəbəkələri və hava yollarının nümayəndələri milli və regional stendlərdə xidmət göstərəcəklər. Xarici eksponentlər arasında Böyük Britaniya, Rusiya, İtaliya, Çin, Türkiyə və Ukraynanı təmsil edən debütant şirkətlər də yer alır. İlk dəfə olaraq, “AITF” sərgisinin iştirakçıları arasında Rusiya və dünyanın ən böyük və əhəmiyyətli incəsənət və mədəni-tarixi muzeylərdən biri olan Dövlət Ermitaj muzeyi, Macarıstanın ən böyük mehmanxanalar şəbəkəsi sayılan “Hunguest Hotels” və digərləri var. Ümumiyyətlə, debütantlar “AITF” iştirakçılarının 34%-ni təşkil edirlər.

DAXİLİ TURİZM

Digər tərəfdən, “AITF” sərgisi Azərbaycanın turizm potensialını xarici iştirakçılara əyani şəkildə nümayiş etdirir və bu da Azərbaycanın turizm istiqaməti kimi tanınmasına şərait yaradır. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2016-cı ilin yekunlarına dair hesabatına əsasən, həmin il Azərbaycanı 2 milyon 242 min 783 turist ziyarət etmişdir. Beləliklə, 2015-ci ilin göstəricisi ilə müqayisədə, turistlərin sayı 11,7% artmışdır. 2016-cı ilin dekabr ayında Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” Bakı və ölkənin regionlarında turizm sektorunun daha da sürətlə inkişafına kömək edəcək və “AITF” sərgisi də bu müsbət dinamikanı yaxın gələcəkdə əks etdirəcəkdir. Sərgi çərçivəsində keçiriləcək Azərbaycanın Turizm şurasının toplantısı məhz yaxın gələcəkdə ölkənin daxili turizm bazarının inkişafına həsr olunacaq. Sərginin daimi iştirakçısı olan Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi öz stendində nazirliyin və onun strukturlarının mədəniyyət və turizmin inkişaf etdirilməsi üzrə işlərin planını təqdim edəcək. Azərbaycanın 20-yə yaxın şirkət, onların arasında turizm agentlikləri, otel və sanatoriyalarının öz stendində bir araya gətirən Azərbaycan Turizm Assosiasiyasının (AZTA) ekspozisiyasında isə Azərbaycan və xaricdə turizm təkliflərinin geniş çeşidi təklif olunacaq. Ənənəvi olaraq, sərgidə Azərbaycanın regionları da iştirak edir. Bu il səmərəliliyi artırmaq məqsədi ilə regional mədəniyyət və turizm idarələrində struktur dəyişikliklər edilib və mövcud  idarələrin bazasında yeni regional idarələr yaradılıb. Belə ki, sərgidə İsmayıllı, Lənkəran, Masallı, Şəki, Xaçmaz və Sumqayıtı təmsil edən regional turizm idarələri iştirak edir. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin stendində isə Naxçıvanın unikal təbiəti, tarixi yerləri, o cümlədən mehmanxana və müalicə mərkəzləri təqdim olunacaq. Qarabağ zonasının turizm potensialı isə ayrıca stenddə nümayiş olunur. Yerli iştirakçılar arasında mehmanxana şəbəkələri – “Gilan Hospitality Group”, “Safar Travel”, “Winter Park Hotel Baku” və Azərbaycanın digər otelləri də yer alır. “ASAN Visa” – elektron viza portalı ilk dəfə olaraq bu il sərgidə öz stendi ilə iştirak edir.  Bu stenddə Azərbaycanda elektron vizanın alınmasının bütün incəlikləri və üstünlüklərini öyrənmək mümkündür. İkinci ildir ki Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi sərgidə iştirak edir. Sərgidə həmçinin ilk dəfə 2017-ci il aprelin 10-dan mayın 10-dək Bakıda keçiriləcək Bakı Şopinq Festivalı da (Baku Shopping Festival) iştirak edir. Bakı Şopinq Festivalının stendində Festivala qoşulmaq barədə ətraflı məlumat almaq, iştirakçı olmaq üçün müraciət etmək, Festivala qoşulmuş mağaza və digər obyektlər haqda məlumat əldə etmək, eləcə də, Azərbaycan vətəndaşları və əcnəbilər üçün ƏDV qaytarılması (Baku Shopping Festival – Tax free) sisteminin işləmə mexanizmi ilə tanış olmaq mümkün olacaq.

 

Beləliklə, sərgi üç gün ərzində turizm xidmətləri, aviaşirkətlər, yerli və regional turizm təşkilatları, mehmanxana şəbəkələrinin geniş çeşidini əyani şəkildə nümayiş etdirəcəkdir. Sərgi “Tibbi turizm və Sağlamlıq turizmi” istiqamətini inkişaf etməyini davam edir. Belə ki, sərgidə Azərbaycan, Belarus, Macarıstan, Gürcüstan, Çexiya, Rusiya, Sloveniya, Türkiyə və digər ölkələri təmsil edən tibb mərkəzləri, sağlamlıq ocaqları, sanatoriyalar, müalicə-sağlamlıq və SPA turizmi üzrə ən son nailiyyətləri təqdim edəcəklər. Bu il sərgidə “Acibadem Sağlamlıq Qrupu» (Türkiyə), “Belprofsoyuzkurort” (Belarus) və digər nəhəng sağlamlıq klinika şəbəkələri iştirak edirlər.

“AITF” 2017 sərgisi iştirakçıların bütün həftə ərzində turizm imkanlarını təqdim etdikləri bir tədbirdir, belə ki, sərgidəki eksponentlər sərgidən həm əvvəl, həm də sonra seminar, təqdimat və işçi görüşlərin keçirilməsini planlaşdırıblar. Sərgi çərçivəsində 6 aprel tarixində Bakı Ekspo Mərkəzində saat 14:00-dan 16:00-a kimi Kazan (Rusiya) şəhərinin turizm imkanlarının təqdimatı olacaq.

VORKŞOP

Digər turizm tədbirləri ilə müqayisədə, “AITF” sərgisinin unikallığı tədbir çərçivəsində təşkilatçılar tərəfindən yerli və xarici iştirakçı və ziyarətçilərin iştirakı ilə vorkşopın keçirilməsidir. Vorkşoplarda iştirak öz şirkətiniz və mövsümün yenilikləri barədə yerli turizm şirkətlərini məlumatlandırmaqla yanaşı, qeyri-formal şəraitdə həmkar turoperatorlarla ünsiyyət qurmaq və təcrübə mübadiləsi aparmaq imkanı verir. Vorkşop ilk dəfə ötən il keçirilib və iştirakçılardan bir sıra müsbət rəy alıb. Builki vorkşop isə 7 aprel tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək. Bu vorkşop daha çox iştirakçını bir araya gətirəcək və aparıcı yerli turizm şirkətlərinin nümayəndələri ilə işgüzar əlaqələr qurmaq, birbaşa (vasitəçi olmadan) danışıqlar aparmaq və tərəfdaş bazasını genişləndirmək imkanı yaradacaqdır. Vorkşopın təşkil edilməsi üçün xüsusi “onlayn” sistem yaradılıb və iştirakçılar bu sistem vasitəsi ilə onları maraqlandıran şirkətlərlə (əvvəlcədən) görüşlər təyin edə biləcəklər. Bu il yerli turizm şirkətlərinin xahişi ilə həmin “onlayn” sistem əsasında sərgi iştirakçıları ilə görüş təyin etmək fürsəti yaradılıb.

Beləliklə, iştirakçılar gələn yaz-yay mövsümü üçün sövdələşmələr imzalaya və dünya turizminin yeni istiqamətlərini öyrənə bilərlər.

DƏSTƏK VƏ TƏŞKİLATÇILAR

Yarandığı gündən etibarən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə keçirilən “AITF” sərgisi həmçinin bu tədbirdə daim iştirak edən Azərbaycan Turizm Assosiasiyası “AZTA” tərəfindən dəstəklənir. Ümumdünya Turizm Təşkilatı “UNWTO” və Asiya-Sakit Okean Turizm Assosiasiyası “PATA” “AITF” sərgisinə dəstək göstərən beynəlxalq təşkilatlar arasında yer alırlar. AITF sərgisi “UFI” Ümumdünya Sərgi Sənayesi Assosiasiyası tərəfindən keyfiyyət nişanına layiq görülüb. “Iteca Caspian” şirkətinin təşkil etdiyi bütün tədbirlər Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən dəstəklənir. Sərgini təxminən 50 media orqanı dəstəkləyir və onların arasında “Nərgiz”, “World Economics”, “Azeri Observer”, “TTG Russia”, “Doctor GEO” və “Medeniyyat.az” jurnalları, ASAN Radio, eləcə də “Baku Guide” bələdçi kataloqu yer alır.

 

Bu il sərgi təşkilatçıları təhsil, mədəniyyət və maarifçilik xarakteri daşıyan “Active Mom’s Club” ictimai təşkilatı ilə əməkdaşlığa başlayıblar. Bu cəmiyyətin əsas məqsədi müxtəlif yaş və peşə qrupuna aid olan anaları bir araya gətirmək, onlara ailə ilə əlaqədar mühüm məsələlərin həllində kömək etmək və uşaqlarla birlikdə, maraqlı və başlıcası də faydalı asudə vaxt təşkil etməkdir. “Active Mom’s Club” analar cəmiyyəti “AITF” sərgisinin ziyarətçi və iştirakçılarına unikal zərgərlik məmulatları, əl işi olan kuklalar və bir sıra digər məhsullar təklif edən 10 usta tərəfindən təmsil olunacaq. Dərzi analar sərginin ziyarətçi və iştirakçıları üçün ustad dərsləri hazırlayıblar və onlar burada öz sənətlərinin bəzi sirlərini açacaqlar. Həmçinin, stenddə ziyarətçilərə eksponentlərlə fotoşəkil çəkdirmək üçün foto-zona da yaradılacaqdır.

“AITF” sərgisi 6-8 aprel tarixində yalnız turizm peşəkarları üçün açıq olacaq. 8 aprel tarixində sərginin qapıları yerindəcə tur bron etmək imkanı olan geniş ictimaiyyət üçün açıq olacaq. Sərgi auditoriya ilə belə interaktiv təmas sayəsində öz populyarlığını daha da artırır və eksponentlərə son istifadəçilərin istək və tələblərini proqnozlaşdırmaq imkanı verir. Sərgiyə uşaqlarla gəldiyiniz zaman, onları fəaliyyət göstərəcək xüsusi uşaq guşəsinin peşəkarlarına etibar edə bilərsiniz. Siz sərgi iştirakçıları ilə görüşlər keçirərkən, həmin peşəkar şəxslər uşaqlarınızı faydalı və maraqlı əyləncə növləri ilə sevindirəcəklər. Bu xidməti sizə “Aqil və Bilgi” şirkəti təklif edir. Öz işinin peşəkarları olan bu gənclər çoxdandır ki, maraqlı və qeyri-adi layihələri, eləcə də əyləncəli ekskursiyaları ilə həm uşaqların, həm də onların valideynlərinin rəğbətini qazanıblar. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər. 2017-ci ildə “Iteca Caspian” şirkətinin tərəfdaşları arasında rəsmi səyahət agentliyi “Premier Tour” şirkətləri, o cümlədən “Hyatt Regency” və “Qafqaz Point Hotel” mehmanxanaları (rəsmi otellər), yer alır.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: