Cəmil Həsənli Rocers: Əsas məqsədim Formula 1 yarışlarına qatılaraq Azərbaycanı layiqincə təmsil etməkdir

Əsas məqsədim Formula 1 yarışlarına qatılaraq Azərbaycanı layiqincə təmsil etməkdir.

Frame.az xəbər verir ki, bu sözləri Böyük Britaniyada yaşayan azərbaycanlı kartinq pilotu Cəmil Həsənli Rocers dekabrın 28-də “Baku City Karting”də təşkil edilən mətbuat konfransında deyib.

Hazırda İngiltərənin “Coles Racing” komandasında çıxış edən 14 yaşlı sürücü ilk dəfə 8 yaşında kartinq sürməyə başladığını söyləyib: “Jurnalda gördüyüm kartinq şəkli diqqətimi çəkdi və bu istiqamətə yönəldim. Əslində, bu, gizli, üzdə olmayan idman növüdür. Adətən ailədə bu sahə ilə bağlı şəxslər olanda uşaqlar da maraqlanır”.

C.Həsənli deyib ki, Formula 1-in Azərbaycanda keçirilməsi möhtəşəm hadisədir. Mənim üçün gözlənilməz xəbər oldu və bunu fərəhlə qarşıladım. Bakıdakı yarışları izləmişəm. Ən çox bəyəndiyim pilotlar Luis Hamilton və Daniel Rikkardodur. Hazırkı məqsədim Formula 4 yarışlarında çıxış etməkdir.

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai C.Həsənlinin kartinqdə qazandığı nailiyyətləri yüksək qiymətləndirib, gələcəkdə əməkdaşlığın vacibliyini vurğulayıb və onun Formula 1 pilotu kimi çıxış edəcəyinə əminliyini bildirib.

Media nümayəndələri ilə görüşdən sonra C.Həsənli yerli idmançılarla kartinq yarışında qüvvəsini sınayıb. Yarışda Bakı Şəhər Kartinq Mərkəzinin tələbəsi Rüstəm Vəliyev 57,774 saniyəlik nəticə ilə birinci olub. C.Həsənli (58,015) ikinci, İsa Hüseynov (58,146) isə üçüncü yeri tutublar.

Qeyd edək ki, Cəmil Həsənli Rocers altı ildir kartinqlə məşğul olur. İlk dəfə podiuma 12 yaşında çıxan Azərbaycan idmançısı üçün bu il ən uğurlu il olub. O, “Super One” çempionatının 8 yarışından 5-də podiuma yüksələrək ümumi hesabda üçüncü yeri tutub.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: