Cazı ürəkdən oxuyanda – Təranə Mahmudovanın “Baku Jazz Festival”da konserti

Tanınmış vokal ifaçısı Təranə Mahmudova öz qrupu ilə birlikdə XII Bakı Beynəlxalq Caz Festivalında iştirak edib. Bu barədə Frame.az məlumat verir.

Bu cür ifaçılar haqqında “ürəkdən oxuyur” deyirlər. Bu ifadə Təranənin özünün “Mən caz musiqisi eşidəndə qəlbim oxuyur” sözləri  və şübhəsiz ki, çox gözəl vokalçının yaradıcılığı ilə təsdiq olunur.

Mahmudova Azərbaycanın “Baku Jazz Festival 2017”də solo konsertlə çıxış edən yeganə nümayəndəsidir. Onun qrupunun tərkibinə Azərbaycan və Gürcüstandan olan gənc istedadlı ifaçılar daxildir – Elbəy Məmmədzadə (piano), Mixail Caparidze (bass) və Giorgi Kapanadze (zərb alətləri).

“Rotunda Jazz Club”dakı qonaqlar arasında bir sıra tanınmış şəxsiyyətlər olub – Azərbaycanın əməkdar incəsənət xadimləri, bəstəkar Aygün Səmədzadə və cazmen Cavan Zeynallı, rok-musiqiçisi, gitaraçı, bəstəkar və aranjimançı Yaşar Baxış və başqaları.

Caz sanballı, ənənələr və rituallarla zəngin musiqidir. Ona muzey eksponatı kimi yanaşmaq lazım deyil: improvizasiya, sərbəstlik, şövq onu əbədi gənc üslub edir. Caz improvizasiya üslubudur. İmprovizasiya musiqisinin ən vacib növü folklordur, lakin cazdan fərqli olaraq, o qapalıdır və ənənələrin qorunmasına istiqamətlənib. Cazda yaradıcı başlanğıc üstünlük təşkil edir, bu, improvizasiya ilə ahəng təşkil edərək bir çox üslub və istiqamətləri inkişaf etdirib.

Həmin gecə inanılmaz romantik ritmlər, hər bir musiqiçi və vokalçının həssas ifasında səslənən dərin melodiyalar dinləyicələrə güclü təəssürat bağışlayırdı. Qonaqlar Tofiq Quliyevin “Arzular”, E. Məmmədzadənin “Bakulogia” və “East legend”, Siqmund Romberqin “Softly as in a morning sunrise” (E.Məmmədzadənin aranjimanında), Bill Holideyin “Don’t explain”, Koul Porterin “I concentrate on you”, Helen Folaşade Adunun “Cherish the day” və Neyt Smitin “Pages” kompozisiyaları təqdim olunub.

Azərbaycan və Gürcüstan caz məktəblərinin sintezi “Baku Jazz Festival 2017”nin parlaq bəzəyinə çevrildi, artistlərin çıxışı tamaşaçıların alqışları ilə qarşılandı.

Bakı Beynəlxalq Caz Festivalı tanınmış azərbaycanlı və xarici cazmenlərin ifasında ənənəvi zəngin musiqi proqramıdır.  Oktyabrın 20-dən 28-dək keçirilən festival Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Mədəniyyət Fondunun dəstəyi ilə təşkil edilib.

Festivalda Almaniya, İsveç, Türkiyə, ABŞ, Norveç, Polşa, İsveçrə, Niderland, Gürcüstan, İsrail, Fransa, Kolumbiya, Meksika, Qvineya və digər ölkələrdən olan musiqiçilər və kollektivlər iştirak edirlər.

Festival çərçivəsində gənc ifaçıların “I am Jazzman!” müsabiqəsi, Azərbaycan caz günləri, uşaq cazı konserti, bədii sərgilər, ustad dərsləri və digər tədbirlər keçirilir.

Video  https://www.youtube.com/watch?v=9DdQrpspEdo&feature=youtu.be

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: