MədəniyyətSəyahətTəqdimat

Çikaqoda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olundu

ABŞ-ın İllinois ştatının Çikaqo şəhərinin meri Rahm Emanuel tərəfindən 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilmişdir. ABŞ-da yaşayan, habelə bütün dünya azərbaycanlılarına ünvanlanmış bəyannamədə 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ölkəmizin Qafqazın əsas iqtisadi güc mənbəyinə çevrilməsi, regionda sülh, sabitlik, dözümlülük, multikulturalizmi, müxtəlif etnik mənsubiyyətlər arasında dialoqu təşviq etməsi vurğulanır.

Sənəddə bildirilir ki, Həmrəylik Günü Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən ölkəmizin bütün dünyada yaşayan azərbaycanlılarla güclü bağlarını qeyd etməsi üçün elan edilmişdir.

Dünyada 50 milyon Azərbaycanlının yaşadığı qeyd olunan müraciətdə ölkəmizin ABŞ-ın müttəfiqi və tərəfdaşı olması,  Çikaqoda yaşayan Azərbaycan icmasının bu şəhərin müxtəliflik, mədəniyyətlərarası anlaşma və rifahına töhvə verməsi alqışlanır, 2015-ci ildə bu icma tərəfindən yaradılan ABŞ-ın Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin ABŞ-Azərbaycan münasibətlərinin güclənməsinə xidmət etməsi təqdir olunur.

Çikaqo meri bütün çikaqoluları Azərbaycanın Həmrəylik Günü və mədəniyyətlərarası əlaqələri qeyd etmək üçün Azərbaycan icmasına qoşulmağa dəvət edir.

Xatırladaq ki, Çikaqo meri tərəfindən sözügedən bəyannamə ABŞ-ın Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinə təqdim edilmişdir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!