Faydamız OlsunSağlamlıq

Çinli alimlər: Qrip əleyhinə “Favipiravir” preparatı koronavirusa qarşı mübarizədə səmərəli nəticə verir

Araşdırmalar göstərib ki, “Favipiravir” preparatından istifadə edən pasiyentlər daha tez sağalır, onların ağciyərlərinin vəziyyəti daha sürətlə yaxşılaşır.

Frame.az TASS agentliyinə istinadla xəbər verir ki, “Aviqan” adı ilə də məşhur olan “Favipiravir” preparatı yeni tipli koronavirusun törətdiyi xəstəliyin müalicəsində klinik effektivliyini təsdiq edib. Çin Xalq Respublikası Elm və Texnika Nazirliyi yanında Biotexnologiyalar Mərkəzinin rəhbəri Çjan Sinmin mətbuat konfransında bu barədə çıxış edərək deyib:

-“Favipiravir” preparatı klinik tədqiqat mərhələsindən keçib, bu araşdırmalar yeni tipli koronavirusun müalicəsində həmin preparatın klinik effektivliyini göstərib.

Onun sözlərinə görə, “Favipiravir” preparatından istifadə edən pasiyentlər daha tez sağalır, onların ağciyərlərinin vəziyyəti daha sürətlə yaxşılaşır.

Mərkəzin rəhbəri deyib: “Bu preparatın təhlükəsizliyi məsələsinə gəldikdə, “Favipiravir” Yaponiyada 2014-cü ildən satış üçün tövsiyə edilib, onun bazara çıxdığı andan indiyə qədər heç bir fəsad qeydə alınmayıb.

Çjan Sinmin vurğulayıb: “Preparatın təhlükəsizliyi, effektivliyi və əlçatanlığı nəzərə alınaraq, tədqiqatçılar onu həkimlərə rəsmən tövsiyə ediblər, habelə koronavirus infeksiyasının müalicəsi planına bu preparatın mümkün qədər tezliklə daxil olunmasını təklif ediblər”.

“Favipiravir” preparatı Yaponiyanın “Fujifilm Holdings” korporasiyası tərəfindən qripin müalicəsi üçün yaradılıb. Bundan əvvəl həmin preparat Ebola qızdırmasına qarşı mübarizə üçün tətbiq edilib və yaxşı nəticələr verib. Bu il fevralın sonunda Yaponiyanın Səhiyyə, Əmək və Rifah naziri Katsunobu Kato bildirib ki, Yaponiya koronavirusa tutulmuş pasiyentlərin müalicəsi üçün “Favipiravir” preparatından istifadə etmək niyyətindədir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!