Təqdimat

“Coca-Cola” Azərbaycanda Olimpiya hərəkatının inkişafına göstərdiyi dəstəyə görə fəxri fərmanla təltif olunub

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilən və 2017-ci ilin idman yekunlarına həsr olunmuş mərasim çərçivəsində “Coca-Cola” şirkəti ölkədə Olimpiya hərəkatının inkişafına göstərdiyi dəstəyə görə Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) tərəfindən fəxri fərmanla təltif olunub.

Azərbaycanda 1996-cı ildən etibarən fəaliyyət göstərən “Coca-Cola” cəmiyyətin, o cümlədən idmanın inkişafı üçün bir sıra önəmli layihələrə dəstək olur. Belə ki, “Coca-Cola” şirkəti MOK, Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyi ilə birgə tərəfdaşlıq çərçivəsində məktəblilər üçün təşkil edilən ən böyük idman yarışı sayılan “Olympic Moves” proqramını həyata keçirir. Həmin proqram sayəsində Bakı, Sumqayıt, Gəncə və Göygöl şəhərlərinin 420 məktəbindən 100 minədək yeniyetmə müntəzəm olaraq atletika, velosiped idmanı, basketbol 3×3, voleybol və badminton kimi fərqli idman növləri ilə məşğul olur.

«“Coca-Cola şirkəti Milli Olimpiya Komitəsinin ən uzunmüddətli və sadiq tərəfdaşlarındandır. Bu əməkdaşlıq Azərbaycanda təkcə idmanın və Olimpiya hərəkatının inkişafı deyil, eyni zamanda əhali arasında, xüsusilə gənclər arasında sağlam və aktiv həyat tərzinin təşviqi və bu kimi digər vacib sahələri əhatə edir. “Coca-Cola” şirkəti ilə əməkdaşlığımızdan çox məmnunuq və arzu edirik ki, bu əməkdaşlıq bundan sonra da uzun illər davam və inkişaf etsin», – deyə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə söyləyib.

“Əsası 2003-cü ildə “Coca-Cola” və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən qoyulan “Olympic Moves” idman proqramı uşaqların daim hərəkətli olmasını təbliğ edir ki, bu da “Coca-Cola”nın daha sağlam, xoşbəxt və fəal cəmiyyət prinsipini özündə təcəssüm etdirir. Sözügedən proqramın Azərbaycanda icrasına 2015-ci ildə ilk Avropa Oyunlarının idman irsi kimi başlanılıb. Proqram basketbol, velosiped idmanı, atletika və badminton kimi idman növlərinə məktəblilərin cəlb olunmasında əhəmiyyətli rol oynayır. Əminik ki, “Olympic Moves” proqramı Azərbaycanda idmanın, o cümlədən Olimpiya hərəkatının inkişafına öz töhfəsini verəcək. Milli Olimpiya Komitəsinə isə bizə göstərdiyi etimada və təltif etdiyi fəxri fərmana görə təşəkkürümüzü bildiririk”, – deyə “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev bildirib.

Ümumiyyətlə, “Coca-Cola” şirkətinin Azərbaycanda dəstəklədiyi idman tədbirləri vasitəsilə 1 milyondan artıq insan idmana və fəal həyat tərzinə cəlb olunub. Bu proqramlar sırasında “İdman Hamı Üçün” televiziya proqramı, “Olympic Moves”, “Fəal ailəm, sağlam aləm”, “Coca-Cola Məktəbli Kuboku”, Olimpiya Günü və s. göstərmək olar. Bunula yanaşı, şirkət “Bakı 2015” Avropa Oyunları, “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunları, qızlar arasında voleybol üzrə Avropa Çempionatı, “Bakı Marafonu-2017”, “Tour D’Azerbaidjan” və Bakıda təşkil olunan digər beynəlxalq idman yarışlarına dəstək göstərib.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!