Çövkəni Qarabağımızda oynayaq

Çövkən, bəzən çovqan və ya çovkan— Qarabağ atları ilə idman komanda oyunu və müasir polo oyununun bir versiyasıdır.

Oyunun mahiyyəti ondan ibarətdir ki, iştirakçılar iki dəstəyə ayrılır və iki tərəfdə qoyulan dirəklərdən ibarət rəqib qapılarından topu keçirmək tələb olunurdu. Oyunda iştirak edən hər komandanın tərkibi 7 nəfərdən ibarətdir. Atların sayı 6 olmalıdır.

Oyun ikihissəli olmaqla 30 dəqiqə davam edir.

2013-cü ildə çövkən UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir.

“Çövkən” sözü bəzi Azərbaycan mənbələrində “ağaccıq” kimi işlədilmişdir. Çövkən oyununun adı da oyunda işlədilən alətin adı ilə adlandırılmışdır. Bu da ağacdan hazırlanmış, çövkən adlandırılan alətdir.

Çövkəni oyunçular at belində bu alətin köməyi ilə oynayırlar.

Rəssam Elçin Muxtar Elxan “El-oba oyunu, xalq tamaşası” kitabında yazır: Çövkən IX-XVII yüzilliklərdə Azərbaycan’da geniş yayılmış, əsasən at üstündə, qismən atsız oynanılan qədim oyun və bu zaman istifadə olunan ucu əyri uzun dəyənəyin adıdır. Musiqinin müşayiəti ilə keçirilən bu oyunda atları rəng etibarı ilə bir-birindən fərqli olan hər dəstədə 6-8, bəzən isə daha çox atlı iştirak edirdi. Oyunda əsas məqsəd dəyənəklə rəqib qapısına top vurmaq idi. Əhalinin müxtəlif təbəqələri arasında geniş şöhrət tapmış, bəzən isə kişilərlə yanaşı, qadınların iştirakı ilə keçirilən bu oyunun əski qaynaqlarda “kuyiçövkən”, “çomaq oyunu” və “çövkənbazi” adları ilə qeyd edilən başqa variantları da olmuşdur. Komanda oyun növü olan çövkən yarışları eramızın birinci minilliyinin ortalarında formalaşmış, yüzillər ərzində Azərbaycan’da, Orta Asiya’da, İran’da, Türkiyə’də, İraq’da və qonşu ölkələrdə məşhur olmuşdur. Mənbələr XII əsrdə İslam dünyasının mədəni mərkəzlərindən Bağdad’da Orta Şərq ölkələrinin atçaparları arasında tarixdə ilk beynəlxalq çövkən yarışlarının keçirildiyi göstərir. Çövkən yarışlarının Azərbaycan’da çox qədimdən məşhur olduğu faktlarla təsdiqlənir. Örənqalada aparılmış arxeoloji qazıntılar zamanı tapılan şirli qab üzərində çövkən oyunun təsvir edildiyi rəsm bu oyunun IX əsrdə Beyləqan şəhərində yayıldığını əyani sübut edir.

Pərvin Bayramov

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: