“Leyli və Məcnun” dastanı təqdim olunub

Mayın 24-də Beynəlxalq Muğam Mərkəzində “Dastan gecələri” layihəsi çərçivəsində “Leyli və Məcnun” dastanı təqdim olunub.
Layihə Beynəlxalq Muğam Mərkəzinin təşəbbüsü, Beynəlxalq Muğam Mərkəzinin  və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun birgə təşkilatçılığı ilə həyata keçirilir.
Tədbirdə AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov çıxış edərək aşıq sənətinin təbliği baxımından layihənin əhəmiyyəti barədə danışıb. Bildirib ki, aşıq sənəti Azərbaycan xalq yaradıcılığının qədim tarixi köklərə malik özünəməxsus hadisəsidir. Bu sənət müxtəlif mərhələlərdən keçib, xalqımızın bir çox qeyri-maddi mədəni dəyərlərini özündə cəmləşdirib.
2009-cu ildə Azərbaycan aşıq sənəti Azərbaycan xalqının mənəvi-mədəni sərvəti kimi YUNESKO-nun “Qeyri-maddi mədəni irs üzrə reprezentiv siyahı”sına daxil edilmişdir.
 Dastan ifaçılığı barədə geniş təsəvvür yaratmaq və onu təbliğ etmək məqsədilə həyata keçirilən layihə həm də bugünkü Azərbaycan aşıq sənətinin bədii-texniki və melopoetik xüsusiyyətlərinin zənginliyini göstərməyə xidmət edir. Layihə çərçivəsində dekabrın 25-dək müasir aşıq sənətinin tanınmış nümayəndələrinin ifasında 8 dastan sənətsevərlərə təqdim olunacaq.
Daha sonra Aşıq Cahangir Quliyevin ifasında “Leyli və Məcnun” dastanı tamaşaçılara təqdim olunub.İki gəncin sevgisindən bəhs edən dastan tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi özünün yeni irimiqyaslı “Dastan gecələri” adlı layihəsində  öz fəaliyyətini daha da genişləndirir və xalq poeziyasına müraciət edir. Şifahi xalq yaradıcılığının ən önəmli nümunələrindən olan aşıq yaradıcılığı özündə aşıq musiqisi ilə bərabər şifahi poeziya nümunələrini də birləşdirir.
Xatırladaq ki, layihəsi çərçivəsində aprelin 18-də “Alı xan – Pəri xanım” dastanı təqdim olunub. Bu ilin sonunadək “Abbas-Gülgəz” (19 iyun), “Kiçik Rza” (28 sentyabr), “Aşıq Alının Türkiyə səfəri” (31 oktyabr), “Məhəmməd – Səlbi xanım” (27 noyabr), “Əmrah – Səlbi” (25 dekabr) dastanları tamaşaçılara təqdim olunacaq.
Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: