EventsHandmadeQalereyaTəqdimat

Dünənlə bugünün qovuşduğu yer – NUR Art House

Qalereya mədəni özünəməxsusluğa, çeşidliliyə, dostluğa, yaradıcılığa, eləcə də dəyərlərin mənimsənilməsinə və tanıdılmasına xidmət edən, ölkənin mədəni həyatında bütün təbəqələrin iştirakını dəstəkləyən mənəvi körpü anlayışıdır. Eyni zamanda qalereya bütün xalqların mədəni dəyərlərinin tanıdılmasına və nümayişinə, mədəniyyətlərarası dialoqa meydan açan dostluq körpüsüdür. Misal üçün çoxlarımız Moskvanın məşhur Tretyakov qalereyasında dünya rəssamları ilə bir sırada görkəmli Azərbaycan rəssamaları Tahir Salahovun, Mikayıl Abdullayevin, Səttar Bəhlulzadənin və Toğrul Nərimanbəyovun əsərlərini qürurla seyr etmişik.

Qloballaşan dünyada “xarici mədəniyyət siyasəti”nin gündən-günə aktuallaşdığı beynəlxalq münasibətlərdə milli dəyərlər faktorunun da əhəmiyyəti artmalı, milli mədəniyyətin eksportu, təbliği və populyarlaşdırılması ehtiyacı əsas vəzifəyə çevrilməlidir. Bu gün cəmiyyətimizin mədəni mühitinə, sənətsevərlərə , ictimayyətə və şəhərimizin qonaqlarına təqdim olunan İçərişəhər Qəsr küçəsi N: 27-də yerləşən NUR Art House qalereyası fəaliyyətini məhz bu prinsiplər üzərində qurub – milli irsin qorunması, yaradıcılığın himayə edilməsi, mədəniyyətin insan inkişafı amili kimi qəbul edilməsi, tariximizlə bugünümüzün qovuşması. Həmçinin dostluğa, barışa, mədəni əlaqələrin inkişafına yardım etmək.

Türk xalqlarına məxsus mədəniyyətin şah əsəri hesab olunan xalçaçılıq qədim İpək Yolu zamanından günümüzədək Azərbaycanda da inkişaf etmiş, böyük təşəkkül yolu keçmişdir. Xalqımızın tarixi, inancları, mifik görüşləri, bir sözlə bütün mənəvi varidatı naxışlara, ilmələrə, rənglərə çevrilib. Təsadüfi deyil ki, bu gün Azərbaycan xalçası təkcə bizim deyil, dünya irsinin, mədəniyyətinin tərkib hissəsidir, incisidir. Nur Art Hose qalereyası bu qədim xalça və toxuma mədəniyyətimizi yaşatmaqla bərabər onu dünyaya yetişən nəslin – gəncliyin yeni baxışında, rənglər dünyasında və nəfəsində təqdim etmək niyyətindədir.

Nur Art Hose qalereyasının məqsədi dekorativ-tətbiqi sənətin və təsviri sənətin bütün sahələrinə aid yaradıcılıq nümunələrinin tanıdılmasına nail olmaq, istedalı gəncləri və uşaqları dəskləmək, onların yaradıcılıq sərgilərinə ev sahibliyi etmək, yetişməkdə olan gənc nəslin zövqündə gözəl sənət növlərimizin formalaşmasına və inkişafına yardımçı olmaq, həmçinin bu sahədə maarifləndirici konfransların keçirilməsinə, mədəniyyətimizin hər bir sahəsini əhatə edən kitabların təqdimatına, film və videogöstərilərinin izlənməsinə şərait yaratmaqdır. Bundan başqa dünya mədəniyyəti nümunələrinin də sərgilənməsinə ev sahibliyi etməklə yanaşı beynəlxalq qurumlarla birgə mədəni layihələrin həyata keçirilməsinə təşəbbüs göstərməkdir.

Qalereya Azərbaycanın regionlarında fəaliyyət göstərən qalereyalarla əlaqələr yaratmaq, bölgədələrdəki istedadlı gənclərimizin yaradıcılığının sərgilərini təşkil etmək, o cümlədən diyarşünaslıq muzeyləri ilə də qarşılıqlı əlaqələr yaratmağı düşünür. Fiziki məhdudiyyətli insanlarımızın yaradıcılıq işlərininin sərgilənməsi üçün hər zaman açıq olacaq qalereya fiziki məhdudiyyətli insanlarımızı bizimlə sıx əlaqələr qurmağa dəvət edirik.

Bu axşam mədəniyyətlərin qovuşduğu NUR Art House qalereyasının açılış tədbiri təsadüfü deyil ki, “Gənclik nəfəsi” adlanır. Qalereyanın Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti ilə birgə Rəssamlıq fakültəsinin tələbələrinin əl işlərindən ibarət keçirdiyi sərgidə ənənvi xalçaçılıq, qobelen və batika işləri nümayiş olunur. Məqsəd qədim xalça sənətimizi yetişən nəslin nəfəsində, duyğu və düşüncələrində ənənə və müasirliyin qovuşaraq daha mükəmməl sənət əsərləri yaratmasına nail olmaqdır. Belə nümunələrdən biri artıq toxuma mədəniyyətimizə daxil olan, texnoloji xüsusiyyətlərinə, kompozisiya və milli estetikanın ümumi prinsiplərinə görə xovsuz xalçalara çox yaxın olan qobelen sənətidir. Qobelen qısa zamanda sözün əsl mənasında milliləşdi və estetik mədəniyyətimizin tərkib hissəsinə çevrildi. Gənclərimiz qobelendə hiss, duyğu və düşüncələrini daha parlaq rənglərlə ifadə edirlər.

Bugündən NUR Art House bütün mədəniyyətsevərlərin evidir, milli dəyərlərimizə və mədəniyyətimizə xidmət etmək istəyən hər kəsi evimizə dəvət edirik.

15094496_1814069095526901_4012819859177331967_n 15078659_1814062282194249_183903153217781748_nFrame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!